Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində virtual turlar təşkil edir. Layihədə Xızı, Ucar, Göyçay, Ağcabədi, Qax rayon və Şəki şəhər Mərkəzi kitabxanaları da fəal iştirak edirlər.
Kitabxanadan bildirilib ki, silsilə formasında davam edən növbəti virtual səyahət səfalı yerləri turizm üçün yeraltı və yerüstü sərvətləri ilə zəngin olan və respublikamızın gözəl guşələrindən biri Goranboy rayonunadır.
Videoçarxda rayonun müxtəlif əraziləri fotolar və videolar şəklində çəkilərək təqdim edilib. İlk olaraq, videoçarxda 1930-cu ildə yaradılmış rayonun sahəsi, əhalisi, telefon kodu, poçt indeksi verilib, rayonun Yevlax, Tərtər, Göygöl, Kəlbəcər, Samux rayonları ilə həmsərhəd olması məlumatı da əks olunub. İki şəhər, altı qəsəbə, yetmiş doqquz kənddən ibarət olan rayon ərazisində yerləşən Heydər Əliyev Mərkəzi, otuz üç mədəniyyət evi, qırx üç kitabxana filialı və bunun kimi digər müəssisələrin sayı, onlar haqqında məlumat da qeyd edilib.
Videoçarxın davamında orta əsrlərdə Goranboy rayonunun ərazisindən ticarət və karvan yolu olan İpək Yolunun keçdiyi qeyd olunur.
Goranboy rayonu qəhrəmanların diyarı kimi də tanınır. Videoçarxda döyüşdə öz şücaətini göstərən, Vətən uğrunda həlak olan vətənpərvər oğullar haqqında səsli formada məlumat izləyicilərə çatdırılıb.
Rayonun iqtisadiyyatı gündən-günə inkişaf etməkdədir. Hazırlanmış videoçarxda əhalinin əsas məşğuliyyətlərinin adları, taxıl və pambıq istehsalı ilə bağlı informasiya da təqdim olunub.
Goranboy rayonunda 1961-ci ildə nadir heyvanları və quşları qorumaq məqsədilə yaradılmış dövlət qoruğu haqqında məlumatlar da öz əksini tapıb.
Videoçarxda Kür çayı hövzəsinə aid Kürəkçay, Gorançay, İncəçay, Buzluqçay və bunun kimi digər çayların da rayon ərazisindən axdığı qeyd olunur. Qaraçuxur və Buzlaqçay ətrafı meşə örtüyü ilə zəngin olan rayonda bitən bitkilərin adları və bitdiyi zonalar, həmçinin heyvanlar aləmi də sadalanır.
Videonun sonunda Goranboy sakini rayon ərazisindəki Ballı şəlaləni ziyarət edərək şəlalə haqqında məlumat da çatdırıb.
Layihə əsasında hazırlanmış videoçarxları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində də izləmək mümkündür.
“Vətənimizə virtual səyahət” adlı layihə əsasında silsilə videoçarxlar davam edir.