Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Lənkəran Dövlət Dram Teatrının tamaşalarının onlayn nümayişi davam edir.
Koronavirus pandemiyası (COVID-19) ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər kollektivin yaradıcılıq mühitinə təsir göstərməyib. Öz işini onlayn və virtual əsaslarla quran teatrın kollektivi ötən müddət ərzində sosial şəbəkələr üzərindən yeni və retro səhnə əsərlərini tamaşaçılarına təqdim edib.
Bu ilin repertuar planına müvafiq olaraq, teatrda fransız dramaturqu Marsel Berkye Marinyenin “Oğru” tamaşasının məşqləri aparılır.
T.Heydərov bildirib ki, aprel və may aylarında teatrın sosial şəbəkələrdəki səhifələri vasitəsilə onlayn qaydada 12 tamaşa nümayiş etdirilib. İyun ayı ərzində isə uşaqlar və böyüklər üçün daha 11 tamaşanın onlayn nümayişi nəzərdə tutulub.
Buraya teatrın hazırkı repertuarında olan və böyük tamaşaçı marağı qazanmış Bəhram Beyzayi “İlan Sultan” və “Senemar”, Tərlan Abdullayevin “Tilsimlənmiş qız”, Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin”, Əjdər Olun “Meşəbəyinin dostları”, Eduardo de Filipponun “Ruhlar”, Çingiz Aytmatovun “Manqurt” və digər səhnə əsərləri daxildir. İndiyədək 4 tamaşanın təqdimatı reallaşıb.
“Əlbəttə, tamaşalarımızın virtual və onlayn qaydalarla nümayişi təcrübəmizdə yeni olsa da, gündən-günə izləyicilərimizin sayı artmaqdadır. Lazım gəldiyi təqdirdə, biz gələcəkdə də bu üsuldan istifadə edəcəyik”, - deyə teatrın direktoru bildirib.