Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Muğam sənətinin bədii mədəniyyət aspektləri
25.06.2020

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında növbəti onlayn elmi seminar keçirilib.

Seminarda akademiyanın aparıcı elmi işçisi, dosent Ariz Abduləliyevin “Muğam sənətinin bədii mədəniyyət aspektləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə muğam sənəti bədii yaradıcılığın və bədii sənətin bir növü kimi qiymətləndirilib. Qeyd edilib ki, Şərq bədii təfəkkürünün məhsulu olan muğamın əsrlərboyu professional musiqi sənəti kimi yaşaması və inkişaf etməsi, eləcə də muğamın bədii obraz cəhətdən daim zənginləşməsi onun digər yaradıcılıq növləri ilə qarşılıqlı əlaqəsi və təsiri sayəsində mümkün olub. Ümumiyyətlə, muğam professionalizmi özünü digər professional yaradıcılıq sahələri ilə əlaqədə təsdiq edib. Muğam Şərq ölkələrində peşəkar bədii yaradıcılıq sahələri ilə - klassik poeziya, memarlıq, rəssamlıq, şəbəkə, naqqaşlıq, xalça sənətləri ilə qarşılıqlı əlaqə və təsir mühitində yaşamış və inkişaf etmişdir.

A.Abduləliyev məruzəsində "muğam və poeziya", "muğam və memarlıq", "muğam və rəssamlıq", "muğam və xalça" yaradıcılığında bəzi obraz, termin, struktur əlaqələrini araşdırıb. İlk olaraq, muğam və poeziya münasibətləri üzərində dayanan məruzəçi bu münasibətin üç istiqamətini vurğulayıb. Bu üç istiqamətdən biri də klassik poeziya ilə muğam arasındakı termin və obraz əlaqələridir. Bu aspektdə "məsnəvi", "saqinamə" anlayışları klassik poeziya və muğamda müqayisə yolu ilə araşdırılıb. Bundan başqa, klassik poeziyada "Leyli və Məcnun", "aşiq", "yar" obrazlarının, eləcə də "karvan" obrazının irfani mahiyyəti üzərində dayanan müəllif bu obrazların muğamdakı musiqili tərənnümünə, ortaq terminoloji və obraz təcəssümünə dair faktları göstərib.

Sonda fəlsəfə elmləri doktoru, bəstəkar və musiqişünas-alim, BMA-nın elmi-yaradıcılıq məsələləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əməkdar incəsənət xadimi, tanınmış kaman ifaçısı, professor Arif Əsədullayev və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran bəzi suallara aydınlıq gətirilib, mövzunun elmi cəhətdən aktual olduğu qeyd edilib.

 
Oxşar Xəbərlər

    ×