Bu gündən müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü də elektron qaydada aparılacaq.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, bu e-sistemlər ildə təqribən 3 mindən çox şəxsi əhatə edəcək. Bununla da cari ilin ötən dövründə artıq 10-dək sosial təminat növünün təyinatı elektronlaşmış olur: "Yaxın günlərdə yeni e-təyinat sistemləri də istifadəyə veriləcək. Avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək təyinat vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan, elektron şəkildə, proaktiv qaydada həyata keçiriləcək".
A.Kərimov nazirliyin “e-sosial” internet portalının məlumat bazası əsasında bu günlərdə 6 yeni “e-arayış” xidmətinin də təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı 8-ə çatıb. Dekabr ayının sonuna qədər bu göstərici 15-ə çatdırılacaq. 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən “e-sosial” portalının “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. Artıq bu gündən İOS əməliyyat sistemi üçün "e-sosial" mobil tətbiqi mexanizmi də işə salınır. Bu da vətəndaşların e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına imkan verir.