Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
“SABAH” təcrübəsi əsasında xüsusi istedadlı qruplar yaradılacaq
08.07.2020

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsinin təcrübəsi əsasında müvəffəqiyyətlə təhsil alan istedadlı tələbələrdən ibarət xüsusi qrupların təsis edilməsi nəzərdə tutulur. Məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, fərqli təhsil mühitinin yaradılması, savadlı və bacarıqlı tələbə yetişdirilməsindən ibarətdir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi ilə birgə əməkdaşlığa uyğun olaraq, ADBTİA çərçivəsində 2020-2021-ci tədris ili üçün xüsusi qruplar açılır. Birgə razılığa əsasən, ilkin olaraq idman menecmenti və kommunikasiya ixtisası üzrə xüsusi seçim yolu ilə formalaşdırılan istedadlı tələbələr üçün akademiyanın müstəqil pilot qrupunun yaradılması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar müvafiq qrupların formalaşdırılması, tədrisin təşkili üçün tələbə və professor-müəllim heyətinin seçimi prosesinə start verilir.

Xatırladaq ki, “SABAH” qrupları təhsil sistemində 2014-cü ildə yaradılan innovativ layihədir. 2019-cu ilin statistikasına əsasən, “SABAH” məzunlarının böyük bir hissəsi (müraciət edənlərin 88 faizi) ölkə daxili və xaricində (müraciət edənlərin 96 faizi) magistraturaya qəbul olub, dövlət (müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin 78 faizi) və özəl sektorun müxtəlif sahələrində müvəffəqiyyətlə fəaliyyət göstərir. Azərbaycan təhsil sistemində artıq özünü doğrultmuş “SABAH” qrupları layihəsinin 6 illik təcrübəsindən istifadə edilməsi ADBTİA-da istedadlı tələbələrdən ibarət xüsusi qrupların yaradılmasına və uğurla fəaliyyət göstərməsinə əsaslar yaradır.

 
Oxşar Xəbərlər

    ×