Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Tarix Muzeyində görkəmli pedaqoq Qafur Rəşad Mirzəzadənin fotoşəkilləri saxlanılır
17.07.2020

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda görkəmli pedaqoq, publisist Qafur Rəşad Mirzəzadənin (1884-1943) fotoşəkilləri saxlanılır.

Bu barədə Muzeydən məlumat verilib. Bildirilib ki, Qafur Rəşad Mirzəzadə XX əsrin əvvəllərində Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak edib, dövri mətbuatda müxtəlif sosial problemlərə dair publisist məqalələrlə çıxış edib. 1908-ci ildə “Ayineyi-millət” (“Oyanınız, qardaşlar”) kitabını nəşr etdirib. Əsərdə maarifçilik əsarətdən qurtuluş vasitəsi hesab olunur. Milli məktəblərin dərsliklərlə təmin olunması sahəsində onun xidmətləri böyükdür. İlk coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşad “Qafur coğrafiyası”, “Ümumi coğrafiya”, “İbtidai coğrafiya”, “Coğrafiya terminləri lüğəti”, “SSRİ-nin iqtisadi coğrafiyası”, “Xəritə üzərində əməli iş” və sair dərsliklər, vəsaitlər nəşr etdirib. “Rəhbəri-sərf” (Məmmədsadıq Axundov ilə birgə), “Rəhbəri-hesab” (Əbdürrəhman Tofiq Əfəndizadə ilə birlikdə) dərslikləri uzun illər məktəblərdə tədris edilib.

Milli uşaq ədəbiyyatının inkişafında Qafur Rəşadın böyük xidmətləri olub. O, Azərbaycanda “Məktəb” adlı ikinci uşaq jurnalının (1911-1920) və uşaqlara məxsus ədəbiyyat nəşr edən eyniadlı ilk mətbəənin təsisçisidir (Əbdürrəhman Tofiq Əfəndizadə ilə birgə).

Qafur Rəşad Mirzəzadənin muzeydə qorunan fotoşəkilləri milli mətbuat və pedaqogika tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.

 
Oxşar Xəbərlər

    ×