Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 17-də keçirdiyi onlayn mətbuat konfransında deyib.
O bildirib ki, iyulun 23-də və 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək növbəti buraxılış (qəbul) imtahanlarında 60 min nəfərin iştirakı gözlənilir. İştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri bu imtahanda iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.