Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. Aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.
Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir.
Xatırladaq ki, təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə veteranlara müraciət edərək, onları və əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edir. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Dövlət başçısının dəstəyi ilə Böyük Vətən müharibəsi veteranları bu çətin dövrü də arxada qoyacaqlar. Veteranlar özlərini və yaxınlarını qorumalıdırlar.
Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad, Füzuli, İmişli, Ağdam, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Kürdəmirdə yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Veteranlarla hər görüşdə təşkilatın nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsinin, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmamasının və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayırlar.
Respublika Veteranlar Təşkilatının nümayəndələri ilə görüşən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri koronavirus pandemiyasının yayıldığı çətin dövrdə müharibə veteranları üçün başladılan yardım aksiyasını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən, keçirilən aksiya iyulun sonunadək davam edəcək.