İnternet məkan ikinci cəbhədirsə, jurnalistlər də ikinci ordudur.
Bu fikir iyulun 22-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunmuş “Mədəniyyətimizin kütləvi informasiya vasitələrində təbliği” adlı vebinarda səsləndirilib.
Tədbirin açılışında “Əkinçidən başlanan tarix...” adlı videoçarx nümayiş olunub. Vebinarda Mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı, Azərbaycanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Çıxış edənlər milli mətbuatımızın tarixindən, mədəniyyətimizin təbliği istiqamətindən, informasiya müharibəsində mətbuatın rolundan, jurnalistlərin nitq mədəniyyətindən və digər mövzulardan danışıblar.
Bildirilib ki, 145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının imzalanması bunun bariz nümunəsidir.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bildirib ki, vebinarın məqsədi mədəniyyətimizin təbliğində KİV-in mühüm rolunu bir daha vurğulamaqdır.