Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Klassik janrların üzləşdiyi böhran
23.07.2020

Bir neçə onilliklər boyu Hollivudun böyük kinostudiyaları bütün istehsallarını klassik janrlara – komediya, vestern, melodrama, detektiv filmlərinə yönəltmişdi. Hər bir kinostudiyanın öz çəkiliş meydançası və cəmiyyət tərəfindən qəbul olunan özünəməxsus bir dünyası vardı. Əgər hansısa bir ehtiyatsız və küt bir gənc onun üçün əlçatmaz olan bir qıza vurulurdusa, əgər hansısa bir polis şerifi qanundan kənar fəaliyyət göstərən bir qrup cinayətkarın əlində saxladığı şəhərə daxil olurdusa və yaxud hansısa bir pis qanqster bütün şəhəri vahiməyə salırdısa, o zaman tamaşaçı əvvəlcədən bilirdi ki, həmin o gənc öz sevgilisinin qəlbini fəth edəcək, şerif qanunları tətbiq edəcək, qanqster isə öz əməllərinə görə cavab verməli olacaq. Klassik janrların süjetləri aydın və əvvəlcədən məlum idi. Buna baxmayaraq, tamaşaçı belə filmləri həvəslə qəbul edirdi.

1960-cı illərdə klassik janrlar böhranla üzləşdi. Bu, tamaşaçıların nə yeni tələblərinə görə, nə də çəkilən filmlərin bir-birini təkrar etdiyi üçün idi. Bu şəraitə iki amil təsir etdi – bundan öncə böyük studiyaların film istehsalı sistemindəki böhran və Şimali Amerika kino sənayesinə nüfuz edən müəllif kinosunun yeni konsepsiyası. Studiyalar janrların əməl etdiyi qaydalar üzərində nəzarəti götürdükdə kinoşünaslar bu qaydalara məhəl qoymayaraq yeniliklər etməyə başladılar. Hamı da bu baxışlar sisteminə yenilikləri ilə öz töhfəsini vermək istəyir, yeni istiqamətlər axtarırdılar. Bütün bunlar da bir çox janrların müasirləşməsinə gətirib çıxaran yeni dövrə keçid etdi, bəzi janrlar isə bir növ yox oldular.

Vestern janrı ən çox dəyişikliyə məruz qalan janr oldu. Klassik bir xətlə cərəyan edən “İki nəfər birlikdə at çapır”, “Qərbin fəthi”, “Nevada Smith”, “Qızıl suyuna çəkilmiş” ekran əsərlərində olan Qərbin romantik dünyası get-gedə bədbinliyə və zorakılığa məhkum oldu. Tezliklə insanları köhnə qaydaları müzakirə etməyə səsləyən filmlər görünməyə başlandı. Yaraşıqlı və şərəfli konvoy Robert Aldriçin “Sonuncu sübh çağı”, Marlon Brandonun “Möhkəm üz”, Eliot Silversteynin “Sadəlövh partlayış”, Riçard Bruksun “Peşəkarlar” filmlərində əzab çəkən, sərxoş və şübhəli qəhrəmanların ortaya çıxmasına yol açdı. Ancaq janrı alt-üst edən, onu kökündən dəyişən şəxs Sam Pekinpah oldu. Onun şokedici filmləri (Hündür dağda baş verən döyüş, Vəhşi birləşmə, Cable Hogue balladası, Balaca Billy) Qərbi fərqli bir formada, vəhşi, rüşvətxor və bulaşıq rənglərdə təqdim edirdi. Kinoda baş verən inkişaf Pekinpahın filmlərindəki qəhrəmanların oyununda aydın görünür. Söhbət, həyatla barışmış, at çapmaqdan yorulmuş və zəmanənin dəyişdiyini görən obrazlardan gedir. Bu ekran əsərlərinin yüksən keyfiyyətə malik olmasına baxmayaraq, onlar tarixdə bir dönüş yaratmadı, əksinə, daha çox yavaş-yavaş öləziməkdə olan janra bir sönük rəng verdi.

Musiqili kinonun da bəxti çox gətirmədi. “Metro”nun istehsal etdiyi “West Side Story”, “My Fair Ledy” və ya “Təbəssüm və göz yaşları” kimi parlaq ekran əsərlərinin uğur qazanmasına baxmayaraq, istehsalçılar belə filmlərin tamaşaçıları artıq cəlb etmədiyini görüb, musiqili filmlərə maraq göstərmədilər və bu janr son olaraq unuduldu. Buna bənzər hadisə detektiv janrın da başına gəldisə, amma janr çulunu sudan çıxara bildi. “Warner”in 1930-cu illərdən dəbə gətirdiyi qanqsterlər haqqında çəkilən filmlər öz cazibədarlığını itirdi. Janrın gələcəyi dumanlı olaraq qalırdı. Ancaq “Alına dəyən güllə” filmi bu dumanı dağıtmağa müvəffəq oldu. Britaniyalı rejissor Con Burmanın səhnələşdirdiyi bu ekran əsəri janra müasir estetik görkəm bəxş etdi. Piter Yeyts və Vilyam Fridkinin kinematoqrafiyada yeni resurs sayılan maşınların bir-birini təqib etmələrini kəşf etməklə detektiv janrını möhkəmlədə bildilər. Sonradan “Çirkin Harry”, “Yeni senturionlar”, “Qaçış” kimi filmlər yarandı.

Müvafiq yaradıcı axtarışlar sayəsində qorxulu filmlər və fantastik janr xilas ola bildi. Bədheybətlər haqqında çəkilən filmlərin uğursuzluğundan sonra Alfred Hiçkokun “Psycho” və “Quşlar” kimi mükəmməl ekran əsərləri qorxulu filmlər janrını düşdüyü bataqlıqdan çıxartdı. Bir çox rejissorlar bu cür filmlər çəkərkən psixoloji obraz yaratmağa cəhd göstərirdilər. Bədbin təsvirlər yaratmaqla onlar bir növ gərginliyin zirvə nöqtəsini axtarırdılar. Beləliklə, Cek Kleytonun “Gözləmə”, Robert Aldriçin “Meyit üçün beşik nəğməsi”, Samuel Fullerin “Şok dəhlizi”, Terens Yanqın “Günbatanadək gözləməli”, Roman Polanskinin “Şeytan toxumu” kimi gözəl nümunələr ərsəyə gəldi.

Fantastik filmlərə gəldikdə, bu janrda da bir eniş müşahidə olunurdu. Hansısa filmin istehsalında xüsusi effektlərin istifadə olunmasına baxmayaraq (Riçard Flayşerin “Gözəl səyahət” ekran əsərində olduğu kimi, bir neçə alim bir insanın həyatını xilas etməkdən ötrü kiçilib onun bədəninə daxil olurlar), janrın yoxuşa doğru irəliləməsi 1968-ci ildən başlanır. Həmin il iki ekran əsəri tamaşaçıları heyran qoyur. Onlardan biri “2001, kosmik odisey” əsərində Stenli Kubrik tamaşaçılarda kainata maraq oyatdı. İkinci film isə “Meymunlar planeti” ekran əsəridir ki, burada Franklin Şaffner fantastik janrın bütün imkanlarını ortaya qoymağı bacarıb.

Baş verən dəyişikliklər dram və komediya janrlarına təsir etməsə də, hətta müharibə janrında da gözlənilməz bir partlayış olsa belə, “Navarone topları”, “The Dirty Dozen” və ya “Qartal döyüşü” filmlərindəki kimi, macəra filmləri janrı 1960-cı illərin böhranı zamanı zərər çəkən klassik janrlardan oldu. Əvvəlki nəsildən fərqli olaraq, o qədər də sadəlövh olmayan camaat, fantaziya krallıqları, qalxan və qılınc dövrünün tarixini seyr etməyi artıq arzulamırdı. Ancaq “Gəmidə üsyan”, “Jason and the Arqonauts”, “Lord Jim” və ya “Padşahlıq edə bilən adam”, əsasən də rəqibsiz Ceyms Bondun “Agent 007” filmindəki möhtəşəm təqdimatı, eyni zamanda “Rusiyadan sevgi ilə” və “Goldfinger” ekran əsərləri macəra filmləri janrını yox olmaq təhlükəsindən xilas etdi…

Oxşar Xəbərlər

    ×