Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabxanaçı tövsiyə edir” layihəsi çərçivəsində görkəmli ədiblərimizin yaradıcılığına müraciət edir.
İdarədən bildirilib ki, kitabxana bu dəfə İsmayıl Şıxlının “Dəli Kür” romanı haqqında videoçarx hazırlayıb.
Görkəmli yazıçı İsmayıl Şıxlının oxucular arasında geniş şöhrət qazanmış "Dəli Kür" romanı XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına necə daxil olmasını, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realistcəsinə göstərən əsərdir.
Xalqımızın milli oyanış dövrü Göytəpə kəndində baş verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə alınıb, əsər haqlı olaraq milli tarixi roman janrının kamil nümunələrindən sayılır. Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağadır.