Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir.
Kitabxanadan bildirilib ki, növbəti belə görüş Bakı Dövlət Universiteti İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev ilə keçirilib.
Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən canlı yayıma 1500-dən çox izləyici qatılıb. Qonaq, ilk növbədə, Ağdam rayonunun işğal gününü kədər hissi ilə qeyd edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Canlı yayım müsahibə xarakteri daşıyıb, qonaq həm aparıcının, həmçinin də istifadəçilərin suallarını cavablandırıb.
Həmsöhbətlər Ermənistan–Azərbaycan Dağlıq Qarabağ müharibəsi, Ermənistanın təcavüzkar mövqeyi və bu mövqeyə olan beynəlxalq hüququ baxış mövzusu ətrafında müzakirələr aparılıb. Əlövsət müəllim son günlərdə ABŞ Konqresinin erməni təcavüzünü tanıması faktını böyük uğurun kiçik qələbəsi adlandırıb və bu hadisənin gələcəkdə bu məsələyə beynəlxalq mövqeyi dəyişə biləcəyi ehtimalını dilə gətirib.
Canlı yayımda son günlərdə Fransada, Brüsseldə, Nyu-Yorkda həmvətənlərimizə qarşı aparılan təxribat xarakterli münaqişələr, atəşkəs rejimində dinc əhaliyə vurulan ziyan və s. mövzular da müzakirə olunub.
Qonaq bu cür mürəkkəb dönəmdə xarici diaspor təşkilatlarının, səfirliklərin üzərinə böyük məsuliyyətin düşdüyünü və onların xaricdə yaşayan həmvətənlərimizi müdafiə etməli olduqlarını qeyd edib. O, həmçinin bu günlərdə xalqımızı birlik nümayiş etdirməyə, informasiya müharibəsi məkanında daha məsuliyyətli olmağa səsləyib. Yalnız Ali Baş Komandanımız, Prezident İlham Əliyevin siyasəti və xalqın birliyi sayəsində bir gün Qarabağda Azərbaycanın bayrağının dalğalanacağına əmin olduğunu vurğulayıb.
Sonda Əlövsət Allahverdiyev gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət göstərən belə səpkili canlı yayımların təşkilinə görə Respublika Gənclər Kitabxanasının rəhbəri Oruc Quliyevə və bütün kollektivə öz dərin minnətdarlığını bildirib.
İstifadəçilər Bakı Dövlət Universitetinin kafedra müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CC_mrl6iAhu/ linkı vasitəsilə baxa bilərlər.