Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin virtual şəkildə təşkil etdiyi “Vətən sizə oğul dedi” vətənpərvərlik mövzulu tədbirinin qonağı şair-publisist, türkoloq, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı olub.
Kitabxanadan bildirilib ki, yazar son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində cəbhə xəttində baş verən erməni təxribatı və qüdrətli Azərbaycan Ordusu tərəfindən bu təxribatın qarşısının alınmasından danışaraq, müdafiənin ön xəttində ordumuzun general-mayoru Polad Həşimovun və digər hərbçilərin düşmənlə üz-üzə şiddətli döyüşlərdə şəhid olmasını hüzn və kədərlə qarşıladığını bildirib. Eyni zamanda, işğalçı dövlətin tarixən Azərbaycan torpaqlarında illər öncə necə məskunlaşmasından və onların xalqımıza qarşı daim məkrli xain mövqedə olduqlarını bir daha diqqətə çatdırıb.
Sonda yazar müəllifi olduğu vətənpərvərlik ruhlu şeirləri səsləndirib. Xalqımızın və ordumuzun, dövlətimizin arxasında necə sıx birləşdiyini, səfərbər olunduğunu və həmrəyliyini iftixarla qeyd edib.