Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi #virtualkitabsərgisi layihəsinin növbəti buraxılışında oxuculara Xalq yazıçısı İsmayıl Şıxlının kitablarından ibarət videoçarx təqdim edilib.
İdarədən bildirilib ki, videoçarxda, həmçinin görkəmli ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.
Ədəbiyyata gəlişindən söhbət açılarkən İsmayıl Şıxlının ilk mətbu əsəri – “Quşlar” şeirinin 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunduğu qeyd edilib.
Yazıçının “Yetər Aslanova”, “Kerç sularında”, “Dağlar səslənir”, “Daşkəsən”, “Ayrılan yollar”, “Dəli Kür”, “Məni itirməyin”, “Cəbhə yolları”, “Seçilmiş əsərləri”, “Daim axtarışda”, “Namərd gülləsi”, “Ölüləri qəbiristanda basdırın”, “Ölən dünyam” əsərləri də oxucuların diqqətinə çatdırılıb.
Eyni zamanda, yazıçının ssenarisi əsasında çəkilən filmlərdən - “Dəli Kür”, “Xalq şairi Səməd Vurğun”, “Nə yaxşı ki, dünyada Səməd Vurğun var”, “İşarəni dənizdən gözləyin”, “Ayrılan yollar”, “Əzizə Cəfərzadə”, “Kürə qovuşan ömür”, “Bizim qəribə taleyimiz” və s. örnəklər gətirilib.