Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020

Milli Kitabxana Mədəniyyət Nazirliyi ilə birgə 2019-cu ildən həyata keçirməyə başladığı “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” adlı layihə çərçivəsində nəşr etdiyi Azərbaycan bəstəkarlarının not məcmuələrini onlayn “Musiqi kitabxanası” olaraq oxuculara təqdim edib.

Kitabxana görkəmli Azərbaycan bəstəkarlarının ötən əsrin 50-80-ci illərində çap olunan və hazırda Azərbaycan Milli Kitabxanasının Arxiv Fondunda mühafizə edilən nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəssislərin, musiqi və incəsənət məktəblərinin müəllimlərinin və şagirdlərinin istifadəsinə təqdim edir.

Bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Azər Rzayev, Elmira Nəzirova və başqalarının fortepiano üçün not əsərləri ayrı-ayrı məcmuələr şəklində nəşr olunaraq musiqi ictimaiyyətinə təqdim olunub. Hazırda təqdim olunan məcmuələr pandemiya dövründə Milli Kitabxananın onlayn formada fəaliyyət göstərdiyi çətin şəraitdə hazırlanaraq çap olunub. Burada Əfrasiyab Bədəlbəyli, Aqşin Əlizadə, Azər Rzayev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Zakir Bağırov, Asya Sultanova və başqa bəstəkarlarımızın fortepiano üçün əsərlərindən ibarət 11 not məcmuəsi yer alıb. 300 nüsxə tirajla çap olunan bu məcmuələrin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə və respublikamızın musiqi profilli digər tədris müəssisələrinə, habelə rayon, şəhər mərkəzi kitabxanalarına göndərilməsi təmin olunub, onların tam elektron mətnləri Milli Kitabxananın saytında (anl.az) “Kitabxanamızın nəşrləri” bölməsində və respublikanın musiqi və incəsənət məktəblərinin vahid internet portalında yerləşdirilib.

Milli Kitabxananın respublikamızda və dünyada yaranmış ağır pandemiya şəraitində onlayn xidmətlər platformasında həyata keçirdiyi digər layihələrlə yanaşı, hazırda bu layihə üzrə də işlər davam edir.

“Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” layihəsi üzrə pandemiya dövründə nəşr olunan Azərbaycan bəstəkarlarının not məcmuələri ilə http://anl.az/el/vsb/Milli_Musiqi_Xezinemizden/index.htm linkindən tanış olmaq olar.

 
Oxşar Xəbərlər

    ×