Dünya İqtisadi Forumunun Davosda keçirilən sonuncu Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev ilə Forumun prezidenti Borge Brende arasında dördüncü sənaye inqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında niyyət protokolu imzalanıb.
Dünya İqtisadi Forumunun qurucusu və icraçı sədri professor Klaus Şvabın “Dördüncü sənaye inqilabı” adlı məşhur əsəri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.
UNEC-dən bildirilib ki, kitabın elektron variantı oxuculara təqdim olunub.
Klaus Şvabın bu əsəri süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya, kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabının nə olduğu, hansı yenilikləri gətirəcəyi, necə təsir göstərəcəyi və onu ümumi faydalara çevirmək üçün nələr edilə biləcəyi haqqındadır. Müəllif əsərini gələcəyə maraq göstərənlər, dünyanı daha yaxşı bir vəziyyətə gətirmək naminə özlərini bu inqilabi dəyişikliyin yaratdığı fürsətlərdən istifadəyə həsr etmiş insanlar üçün yazdığını qeyd edir. Bu baxımdan, əsərdə yeni texnoloji inqilabın əsas xüsusiyyətləri təsvir edilir, yaratdığı imkanlar və dilemmalar vurğulanır və ən əhəmiyyətlisi, dördüncü sənaye inqilabının insanlığın nəzarətində baş verməsinin yolları araşdırılır.
Maraqlananlar kitabın elektron variantı ilə IV Sənaye İnqilabı linkində tanış ola bilərlər.