Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Botanika İnstitutunun ərzaq təhlükəsizliyinə yönəldilmiş fəaliyyəti
27.07.2020

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyindən ötən dövr ərzində iqtisadiyyatın əsas sahələrindən biri kimi müəyyənləşdirilib və onun inkişafı üçün əlverişli şərait yaradılıb. Bu istiqamətdə aparılan məqsədyönlü siyasət ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əsasən mövcud potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilib.

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı haqqında çıxışlarında da bildirib ki, müvafiq sahədə görülən tədbirlər öz bəhrəsini verir. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və məşğulluğun təmin edilməsi üçün əsas sahələrdən biridir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni kənd yerlərində yaşayır.

Sözsüz ki, son illərdə kənd təsərrüfatına dövlət qayğısının artması ölkəmizdə məhsul istehsalına güclü təkan verib. Bu məqsədlə AMEA Botanika İnstitutu da kənd təsərrüfatının inkişafı üçün müəyyən işlər həyata keçirir. Qeyd etmək lazımdır ki, ənənəvi kənd təsərrüfatı sektorunda bitkilərin sağlamlığı, məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə bağlı innovativ aqronomik strategiyaların hazırlanması üçün seçilmiş yabanı və mədəni yem bitkiləri arasında qarşılıqlı əlaqə haqqında elmi məlumatlar məhduddur. Son illər Orta Kür-Araz ovalığının gilli və şorlaşmış torpaqlarında iqlim dəyişkənliyi şəraitində bir sıra yem bitkilərinin adaptasiya potensialının müəyyənləşdirilməsi üzrə AMEA Botanika İnstitutunun Kürdəmir rayonunda yerləşən Kərrar Təcrübə Məntəqəsinin (KDM) ərazisində aparılan tədqiqatlar məhz bu məqsədə xidmət edir. Belə ki, təcrübələr zamanı sorqo, qarğıdalı, amarant, darı, raps, yonca, şəkər çuğunduru və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICBA) tərəfindən tövsiyə edilən kinoya kimi bir sıra əhəmiyyətli yerli və xarici yem bitkilərindən istifadə edilib. Digər yem bitkiləri ilə yanaşı, Botanika İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə öyrənilən kinoya bitkisinin inkişafı və məhsuldarlığına abiotik amillərin təsirləri araşdırılıb, allometrik əlaqələr və abiotik stresə davamlılıq dərəcələri təyin edilib.

Bu fikirlər Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin “Botanika İnstitutunun ərzaq təhlükəsizliyinə yönəldilmiş fəaliyyəti” mövzusunda məqaləsində yer alıb. Məqalədə bildirilib ki, Orta Kür-Araz hövzəsi ərazisində quraq və yarımquraq iqlimin hökm sürməsi, aşağı keyfiyyətli müxtəlif səviyyəli şorlaşmış və şorakət torpaqların, həmçinin şirin su qıtlığının mövcudluğu, müasir əkinçilik sisteminin və suya qənaət edən müasir texnologiyanın yoxluğu davamlı qida istehsalını çətinləşdirir. Bu baxımdan azməhsuldar kənd təsərrüfatı ekosisteminin qiymətləndirilməsi, məhsuldar yem bitkiləri istehsalının elmi əsaslarının hazırlanması, şorlaşmış torpaqların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur. Botanika İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlara əsasən bitkilərin morfoloji və fizioloji parametrləri, allometrik əlaqələri və davamlılıq mexanizmlərinin öyrənilməsi nəticəsində kinoya bitkisinin duz və quraqlıq stresinə qarşı digər yem bitkilərindən daha dözümlü olduğu müəyyənləşdirilib.

Marginal mühitdə gələcək ərzaq və qida təhlükəsizliyi üçün olduqca vacib olan kinoyanın bir neçə sortlarının istifadəsi baxımından Kür-Araz ovalığında şoran torpaqların fitobərpası, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində aparılan işlərin genişləndirilməsi perspektivləri ön plana keçir. Bizim son məqsədimiz innovasiya və texnologiya transferi üçün dövlət və özəl sektorlarda çalışan elm adamlarını bir araya gətirmək, bu sektorlar arasında əməkdaşlıq imkanlarını araşdırmaq, tədqiqat, istehsal, mübadilə və bazar imkanlarını seçmək, təcrübəli və gənc mütəxəssisləri birlikdə bu tədqiqatlara qoşmaqdan ibarətdir.

Qeyd etmək lazımdır ki, Cənubi Amerika əhalisinin əsas qida mənbələrindən olan kinoya bu günə qədər 100-dən çox ölkənin kənd təsərrüfatına - ərzaq istehsalına daxil olub və nəticədə BMT tərəfindən 2013-cü il Beynəlxalq Kinoya ili adlandırılıb. Kinoya bitkisi digər dənli bitkilərlə müqayisədə zülal, habelə bir sıra minerallar, nişasta, lipidlər, aminturşuları, tiamin, fol turşusu və vitaminlərlə zəngin olduğundan ondan müxtəlif aqrar-sənaye istiqamətlərində istifadə edilir. Bu bitki geniş çərçivədə abiotik stresə (isti, soyuq, yuxarı dərəcədə şorlaşma, duzlu sularla suvarma, su qıtlığı, quraqlıq, qida elementlərinin azlığı və s.) davamlı olmaqla “super bitki” və “gələcəyin qidası” adlarını qazanıb və həmçinin şorlaşmış torpaqların biobərpasında və meliorasiyasında müvəffəqiyyətlə tətbiq edilir. Kinoyanın gövdə və yarpaqları isə heyvandarlıq və quşçuluqda yem kimi geniş istifadə edilir. 2014-cü ildən respublikamızda ilk dəfə olaraq Botanika İnstitutunun Kürdəmir bazasında ICBA ilə birlikdə həyata keçirilən “Aral və Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” mövzusunda müştərək layihə üzrə kinoya və bir sıra qida və yem əhəmiyyətli bitkilərlə təcrübələr aparılır və perspektivli nəticələr əldə edilib. Təcrübələr davam etdirilir. Bu bitkinin kənd təsərrüfatına daxil edilməsi Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, torpaq, su və bitki ehtiyatlarının və biomüxtəlifliyin mühafizəsi, eləcə də marginal və şorlaşmış ərazilərin yaxşılaşdırılması üzrə dövlət proqramlarının yerinə yetirlməsinə töhfə verə bilər.

“AMEA Botanika İnstitutunun direktoru akademik Validə Əlizadənin rəhbərliyi ilə həyata keçirilən bu iş proqramı çərçivəsində doktorant Xatirə Qasımova və magistr Emin Hüsüyev Ankara Universitetində elmi ezamiyyətdə olublar. Gənc mütəxəssislər Kürdəmir rayonunda yerləşən Kərrar Dayaq Məntəqəsində yem bitkilərinin inkişafına abiotik stresin təsiri üzrə həyata keçirilən elmi tədqiqatlar zamanı götürülmüş bitki və torpaq nümunələri üzərində analizlər aparıblar. Cari ildə təcrübələrdə yerli və ICBA tərəfindən tövsiyə edilən kinoya, sorqo, qarğıdalı, amarant, darı, yonca kimi 8 bitkidən istifadə edilib. Həmçinin Rusiya Elmlər Akademiyasının L.Komarov adına Botanika İnstitutunun Anatomiya və morfologiya laboratoriyasının müdiri, professor O.Yakovleva və professor T.Kravtsova ilə birlikdə gənc alimlərlərimiz tərəfindən skanedici elektron mikroskopu vasitəsilə müxtəlif növ quinoa (kinoya) bitkilərinin toxum və tozcuqlarının anatomik xüsusiyyətlərinin müqayisəli təhlilinin aparılması nəticəsində bu bitkinin abiotik stresə (duz və quraqlıq) digər yem bitkilərindən daha dözümlü olduğu müəyyənləşdirilib. Qeyd edilməlidir ki, Kürdəmirdə təqdim olunan bütün “quinoa” nümunələri ontogenezin bütün inkişaf mərhələlərini keçərək, canlı toxum əmələ gətirmə mərhələsinə qədər çatıb. Bu da yeni yem bitkiləri sortlarının seçilməsi, əkinçiliyə daxil edilməsi və şorlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verəcək. Beləliklə, həyata keçirilmiş müvafiq elmi yanaşmalar və tədbirlər nəticəsində kinoya, amarant, sorqo, darı bitkiləri çox yüksək duzluluqda inkişaf edib, zəif, orta və yüksək şorlaşmış torpaqlarda isə bitkilərin böyüməsi arasındakı fərqlər əhəmiyyətli dərəcədə azalıb.

Həmçinin AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşlarının iştirakı ilə ərazidə su və külək eroziyasının qarşısının alınması məqsədilə fitomeliorativ tədbirlər görülüb, ekoloji baxımdan davamlı və region üçün iqtisadi əhəmiyyətli olan 5000-dən çox ağac bitkiləri əkilib. Qeyd etmək lazımdır ki, Kürdəmir dayaq məntəqəsinin rəisi Nəriman Orucovun rəhbərliyi altında tarlada Botanika İnstitutunun alimləri ilə birlikdə bir çox kənd sakinləri – aqrotexniklər də çalışır və bu da görülən çöl işlərin müvəffəqiyyətini təmin edir. Beləliklə, Botanika İnstitutu tərəfindən müşahidələr və tədqiqatlar Kür-Araz ovalığının azməhsuldar şoranlaşmış torpaqlarında ərzaq təminatının yüksəldilməsi üçün yeni sortların seçilməsi, əkinçiliyə daxil edilməsi və şoranlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verir”, - deyə məqalədə qeyd edilib.

 
Oxşar Xəbərlər

    ×