Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020

Son zamanlar dünyanın bir çox ölkəsində Azərbaycan diaspora hərəkatının canlanmasına şahidlik edirik. Müxtəlif ölkələrdə yaşayan həmyerlilərimiz ölkəmizin təbliğində fəal mövqe nümayiş etdirməkdədirlər. Sözsüz ki, bu müstəvidə fərqli istiqamətlər üzrə pedaqoji fəaliyyətlə məşğul olan həmyerlilərimizin rolu xüsusi çəkiyə malikdir. Xarici ölkələrdə pedaqoji fəaliyyətə cəlb olunan azərbaycanlılar arasında bədii təhsillə məşğul olan mütəxəssislər ayrıca olaraq qeyd olunmalıdır.

Bu məqsədlə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Bədii təhsildə kadr miqrasiyası: mülahizələr və perspektivlər” adlı beynəlxalq vebinar təşkil edib. Vebinarda dünyanın 10 ölkəsindən olan və bədii təhsilə cəlb olunmuş azərbaycanlı mütəxəssislər bir araya gələrək peşəkar fikir mübadiləsi aparıblar.

Dünyada cərəyan edən qlobal çağırışlar şəraitində hər bir ölkə davamlı inkişafın təmin edilməsi üçün müvafiq siyasət göstərir. İslahatların uğurlu nəticələnməsi bilavasitə idarəetmə sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından və kadr potensialının təkmilləşdirilməsindən asılıdır. Bu mənada konkret sahələr üzrə peşəkarların yetişdirilməsi məsələsi müstəsna əhəmiyyətə malikdir.

Üzeyir Hacıybəyliyə həsr olunmuş videoçarxın nümayişi ilə başlanmış vebinarda müxtəlif ölkələrdə peşəkar musiqi və pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlıların fəal iştirakı ilə ölkəmizdə uşaq musiqi məktəblərinin inkişafına xidmət edə biləcək perspektiv layihələrdən söhbət açılıb.

Fikir mübadiləsində iştirak edən pianoçu, bəstəkar, vokalist Elcan Rzayev, vokalist, bəstəkar, estrada ifaçısı Firəngiz Bağırova (Niderland), kamança və skripka ifaçısı Rasim Fərziyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, pianoçu Səadət Fərziyeva, tarzən Rafiq Rüstəmov (Böyük Britaniya), skripka ifaçısı Oqtay Zeynalov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniya Detmold Konservatoriyasının dosenti, bəstəkar, musiqişünas, pianoçu Xədicə Zeynalova (Almaniya), dirijor, pianoçu, bəstəkar Turan Manafzadə (Türkiyə), vokalist Yusif Savalan (Kanada), skripka ifaçısı Elvina Qurbanova (ABŞ), pianoçu, bəstəkar, dirijor Abuzər Manafzadə (Avstriya), pianoçu Sandi Alem Anvar (Misir), sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Vüsalə Yusif (Oman), bəstəkar İsmayıl Hacıyev (Kanada) və bəstəkar, pianoçu, prezident təqaüdçüsü Pikə Axundova (Azərbaycan) qaldırılmış mövzu ilə əlaqədar öz maraqlı mülahizə və təkliflərini səsləndiriblər.

Tədbirin moderatoru Mərkəzin sektor müdiri Nadir Məmmədov, eyni zamanda, Bakı şəhər Uşaq Musiqi və İncəsənət məktəblərinin rəhbərlərini tədbir iştirakçılarına təqdim edərək, aparılan müzakirələr çərçivəsində onların da fikirlərini öyrənib. Çıxış edənlər həm Azərbaycanda fəaliyyət göstərən bədii təhsil məktəblərində təlim-tədris prosesinin üstünlükləri və çatışmazlıqlarının, həmçinin digər dövlətlərdəki musiqi təhsilinin hansı səviyyədə olmağının və Azərbaycanda bədii təhsil məktəblərində tətbiq edilən yeniliklərin bu sahədə olan mövcud inkişafa müsbət təsir edəcəyindən bəhs etdilər.

Vebinarın sonunda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev mövcud formatdakı tədbirin ilk dəfə təşkil olduğunu bildirərək, dünyanın 10 ölkəsindən olan azərbaycanlıların bir araya toplanması faktını əlamətdar hal kimi qiymətləndirib. Prezidentin təşəbbüsü ilə başlanmış islahatların qarşısında duran strateji hədəflərdən biri məhz Azərbaycanda müxtəlif sahələr üzrə peşəkar və rəqabətə davamlı kadrların yetişdirməsindən ibarət olduğunu söyləyən A.Usubəliyev, musiqi və bədii təhsil kimi sahələrin sözügedən kontekstdə özəl çəkiyə malik olduğunu vurğulayıb.

Ölkəmizin bədii təhsil sisteminin ilk pilləsini təşkil edən uşaq musiqi və incəsənət məktəblərinin uzun illər ərzində qazanılmış uğurlu ənənələrin qorunması ilə yanaşı, tədrisin təşkili və məktəblərin idarə olunması kimi proseslərin təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edən mərkəzin direktoru, sözügedən istiqamətdə, habelə Azərbaycan musiqisinin sistemli təbliği işlərində mövcud potensialların səfərbər olunmasına ehtiyac olduğunu bildirib.

Daha sonra fikir mübadiləsi formatında davam edən görüş çərçivəsində iştirakçılar tərəfindən mövcud istiqamətdə fəaliyyətin koordinasiyasına ehtiyac olduğu və xaricdə yaşayan həmyerlilərimiz tərəfindən əldə ediləcək uğurların respublikanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edəcəyini bildiriblər.

 
Oxşar Xəbərlər

    ×