Bakı Ali Neft Məktəbi (BANM) bu il “Məzun günü” tədbirini virtual formatda keçirib.
BANM-dən bildirilib ki, ali məktəbin sosial şəbəkələrdəki (“Facebook”, “YouTube” və “Instagram”) səhifələrində yayımlanan tədbir məşhur teleaparıcı Leyla Quliyevanın aparıcılığı ilə reallaşıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in akademik tərəfdaşı olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Uiliyam məzunları təbrik ediblər. Rektor Elmar Qasımov müraciətində 2020-ci il “Məzun günü”nün çox çətin dövrə təsadüf etdiyini, hazırda qəhrəman Azərbaycan əsgərlərinin Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını, eləcə də bütün dünyada qlobal COVID-19 pandemiyasının qarşısının alınması üçün ciddi karantin tətbiq olunduğunu qeyd edib.
Rektor bildirib ki, təhsil tarixində ilk dəfə olaraq dünya universitetlərində, o cümlədən Azərbaycanın ali təhsil müəssisələrində ənənəvi “Məzun günü” tədbiri keçirilmir: “Elə bu səbəbdən də Bakı Ali Neft Məktəbi olaraq məzunlarımızı virtual təbrik etmək qərarına gəldik. Ötən 5 il ərzində müəllimlərimiz üzərlərinə düşən müqəddəs vəzifəni – öyrətmək işini ləyaqətlə yerinə yetirib, valideynlər övladları ilə birgə imtahan həyəcanı yaşayıb, onların uğurlarına sevinib, həmçinin uğursuzluqlarına kədərləniblər. Mən məzunlarımızın valideynlərinə belə gözəl - bilikli, bacarıqlı, əxlaqlı, vətənpərvər övladlar yetişdirdikləri üçün təşəkkür edirəm”.
E.Qasımov Vətən qarşısında borclarını yerinə yetirmək üçün Azərbaycan Ordusuna xidmətə yollanan, xarici ölkə universitetlərində təhsillərinə davam edəcək, eləcə də yerli və transmilli şirkətlərdə işə başlayan məzunlara uğurlar arzulayıb.
“BANM-in məzunları Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” - çağırışının bariz yetirmələridir. Əminəm ki, onlar Azərbaycanın, ailələrinin, ali məktəbimizin şərəfli adını həmişə uca tutacaqlar”, - deyə rektor vurğulayıb.
Valideynlər adından çıxış edən, ali məktəbdə “İlin tələbəsi” seçilən Cavid Məmmədlinin anası Gülər Məmmədova tələbələrin peşəkar ixtisaslı kadr kimi yetişməsində zəhmət çəkən pedaqoji heyətə təşəkkür edib. “Bu illər ərzində başda rektor Elmar Qasımov olmaqla BANM-in professor-müəllim heyəti övladlarımızın mükəmməl təhsil alması, problemlərinin həll edilməsi, hətta şəxsi çətinliklərinin də çözülməsi üçün heç bir imkanını əsirgəməyib. Onların cəfakeş fəaliyyəti nəticəsində BANM tələbələr üçün doğma bir ailəyə çevrilib. Arzu edirəm ki, ixtisaslı kadr olaraq gələcək fəaliyyətiniz Azərbaycanımızın daha qüdrətli olması üçün öz töhfələrini versin”, – deyə G.Məmmədova bildirib.
Tədbirdə BANM-in ötənilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunub. ABŞ, Türkiyə, Yaponiya, Norveç, Almaniya, İtaliya, Macarıstan, Səudiyyə Ərəbistanı və Anqola kimi ölkələrdə təhsillərini davam etdirən və işləyən BANM məzunları xələflərinə təbrik ünvanlayıblar. Daha sonra bu il bakalavr səviyyəsi üzrə “İlin tələbəsi” seçilən Cavid Məmmədli, magistratura səviyyəsi üzrə “İlin tələbəsi” Ramil Şükürov, Prezident təqaüdçüsü, neft-qaz mühəndisliyi ixtisasının birincisi Nihad Abbasov, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının birincisi İsmət Ağayev, yatağın qiymətləndirilməsi və idarəolunması ixtisasının birincisi Niyaz Əhmədzadə, neft-qaz texnologiyası ixtisasının birincisi Nizam Zahidli, biznesin idarəolunması ixtisasının birincisi Güldənə Hidayətli təhsil aldıqları müddətdə əldə etdikləri uğurlar, yiyələndikləri akademik və sosial bacarıqlar barədə təəssüratlarını və xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində musiqi nömrələri, rəqslər, təqdimatlar, əvvəlki illərin “Məzun günü”ndən maraqlı fraqmentlər nümayiş olunub.
Sonda Cavid Məmmədli adını simvolik kötüyə həkk edib. Virtual tədbir ənənəvi papaqatma mərasimi ilə yekunlaşıb.
Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi (49 nəfər), kimya mühəndisliyi (46 nəfər) və proseslərin avtomatlaşdırılması mühəndisliyi (14 nəfər) ixtisasları üzrə ümumilikdə 109 bakalavr məzun olur. Həmçinin BANM ikinci magistr buraxılışını həyata keçirir. Biznesin idarəolunması ixtisası da daxil olmaqla, bu il magistratura səviyyəsi üzrə 40 nəfər məzun olur. 2019/2020-ci tədris ilində ali məktəbi ümumilikdə 14 tələbə fərqlənmə diplomu ilə bitirib.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. BANM-də neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə bakalavr, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və biznesin idarəolunması (MBA) ixtisasları üzrə magistr pilləsinə qəbul həyata keçirilir. Bu il BANM-də IV məzun buraxılışıdır. 2017-ci ildən etibarən BANM-in məzunlarının hamısı işlə təmin olunub və hazırda SOCAR, Azneft İB, SOCAR Türkiyənin Petkim Petrokimya Holdinqi və Star Neft Emalı Zavodu, “Azərikimya”, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, SOCAR Polymer, BP, Schlumberger, Halliburton, Maire Tecnimont, TechnipFMC və digər transmilli şirkətlərdə çalışırlar. Məzunların bir qismi Azərbaycanın, habelə dünyanın öndə gedən universitetlərində magistratura və doktorantura pilləsində təhsillərini davam etdirirlər.