AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Azərbaycan folklorunda gülüşün psixologiyası, performansı və sosial konteksti” sərlövhəli məqaləsi “Web of Science” bazasına daxil olan “History Culture and Art Research” jurnalında dərc edilib.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, məqalənin əsas tədqiqat predmetini Azərbaycan folklorunda gülüşün psixologiyası, performansı və funksiyalarının sosial stereotiplər kontekstində öyrənilməsi və sosiomədəni semantikasının müəyyənləşdirilməsi təşkil edir. Məqalə folklorun tədqiqi baxımından prioritet nəzəri-metodoloji yanaşma üsulları hesab olunan psixoanalitik, semiotik metodların, həmçinin performans nəzəriyyəsinin müvafiq yanaşmalarının tətbiqi əsasında hazırlanıb.
Tədqiqat işində müəllif qeyd edib ki, mədəniyyətdə gülüşün yaradılması texnologiyaları, aktuallaşma situasiyaları, metaforaları və kollektiv sosial davranış aktı kimi funksional keyfiyyətlərinin folklorşünaslıq aspektindən düzgün elmi analizi onun ənənəvi araşdırmalardan fərqli olaraq, yeni parametrlərdə dəyərləndirilməsini tələb edir.
Məqalə folklor faktlarının metaforik oxunuşu vasitəsilə milli psixologiya və mentalitetin, stereotiplərin öyrənilməsi və konkret sosial situasiyalar üçün davranış modellərinin müəyyənləşdirilməsi, proqnozlaşdırılması, hətta ssenariləşdirilməsi baxımından ciddi sosial tətbiq imkanlarına malikdir.