Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 3-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid vəzifələr üzrə keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Bu barədə DİM-dən bildirilib.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 4-dən 17-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.