Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
16.09.2020
Cari ilin 27 sentyabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi tamam olur. Özbəkistan Dövlət Film Fondunun dəstəyi ilə hazırlanan “Oltin ko'prik: Qızıl körpü” adlı sənədli film Daşkənddəki “First Art Media” şirkəti tərəfindən çəkilişləri həyata keçirilir. Özbəkistan Dövlət Film Fondunun rəhbəri Tahir Kuçkarbekov mətbuata bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başladıqdan sonra iki ölkə arasındakı mədəni-ədəbi əlaqələrdə mühüm işlər həyata keçirilib, çoxsaylı layihələr reallaşdırılıb. O qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında humanitar, mədəniyyət sahəsində əlaqələri möhkəm təməllər üzərində qurub. T. Kuçkarbekov Mərkəzin ötən müddət ərzində bu istiqamətdə aparılan işləri qeyd edərək, Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı, respublikanın vilayətlərində, böyük şəhərlərində ilk dəfə olaraq Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi, muğamları günlərinin təşkil edildiyini, çoxsaylı konfransların, dostluq konsertlərinin təşkil edildiyini, Azərbaycan mövzusunun Özbək mətbuatında aparıcı mövzu olduğunu, Özbək dilində isə Azərbaycan ədəbiyyatına dair xeyli nəşrlərin işıq üzü gördüyünü vurğulayıb. O, bütün bu işlərin dostluğun, əməkdaşlığın daha da möhkəmləndirdiyini qeyd edib. Sənədli film iki ölkə arasında tarixi dostluq, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş videoçarx ilə başlayacaqdır. Musiqinin sözləri Özbəkistanın tanınmış şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın xalq artisti, tanınmış opera müğənnisi Ramiz Usmanovdur. Artıq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində filmin ilk çəkilişləri aparılıb. Ekran əsərində iki xalq, iki dövlət arasında dostluq, əlaqələrin keçdiyi inkişaf yoluna nəzər salınacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin bu əlaqələrə verdiyi töhfələr işıqlandırılacaqdır. AMM-nin direktoru Samir Abbasov bildirib ki, mərkəz iki qardaş ölkə arasında mədəni-humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədilə müxtəlif tədbirlər, mübadilə proqramları, təşkilatlar arasında ikitərəfli əməkdaşlığa yol açan layihələr həyata keçirir. O, Azərbaycanın zəngin mədəniyyətinin, qədim tarixinin təbliğinin olduqca maraqlı və şərəfli iş olduğunu qeyd edərək Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Özbəkistandakı səfirliyin dəstəyi ilə gələcəkdə də çoxsaylı layihələrin, planların həyata keçiriləcəyini bildirib. S. Abbasov AMM-nin Özbəkistanda yaşayan soydaşlarımız üçün də müqəddəs bir ocaq olduğunu qeyd edib. O, 2020-ci ildə Mərkəzin binasının açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışından sitat gətirib: “Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluq muzeyi də fəaliyyət göstərir. Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır”. Qeyd edək ki, AMM Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il sentyabrın 27-də Özbəkistana səfəri zamanı rəsmi açılışı olub.
Oxşar Xəbərlər

    ×