İttifaqdan bildirilib ki, müraciətin mətnində deyilir: “30 ildən artıqdır, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi davam edir. Erməni faşizminin işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar dağıdılmış, 1 milyonadək dinc əhali öz dədə-baba yurdlarından didərgin düşmüşlər. Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli - 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli — 270 memarlıq, 22 muzey, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri məhv edilib. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Azərbaycan torpaqlarına qarşı işğalçı siyasətini davam etdirir.
Azərbaycan mədəniyyətinin, musiqimizin beşiyi sayılan, bütün dünyada məşhur olan bir sıra görkəmli musiqiçilərimizin - dahi Üzeyir Hacıbəylinin, Niyazinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Əfrasiyab Bədəlbəylinin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun və başqaları doğulub boya-başa çatdığı qədim Şuşa şəhəri 30 ildir düşmən tapdağı altındadır.
Bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarını düşməndən azad etmək üçün haqq mübarizəsinə qalxmışdır. Azərbaycan bəstəkarları da daima bu mübarizədə fəal iştirak edərək, Vətənin azadlıq mübarizəsinə, Qarabağa həsr olunmuş müxtəlif janrlı əsərlər yaratmışlar. Qocaman bəstəkarlardan tutmuş ən gənc bəstəkarlaradək Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri, o cümlədən, tanınmış bəstəkarlar Polad Bülbüloğlu, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Azad Zahid, Elza Seyidcahan, Vüqar Camalzadə, habelə gənc bəstəkarlar Tural Məmmədli, İlahə İsrafilova, Fərid Fətullayev və b. vətənpərvərlik mövzusunda mahnılar, marşlar yazmışlar və bu gün da yazmaqdadırlar. Bu əsərlər televiziya və radio kanallarında səsləndirilir, kliplər nümayiş etdirilir.
Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı şanlı ordumuza Yardım Fonduna 10 min manat ianə köçürərək, öz dəstəyini göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətlə vurğuladığı “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadələr bütün dünyaya bəyan edilməlidir.
Biz Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, bu bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun havadarlarını lənətləyir, beynəlxalq ictimaiyyətə, xüsusilə, bütün dünya musiqiçilərinə müraciət edərək Azərbaycanın haqq işinə fəal dəstək olmağa, səsimizə səs verməyə çağırırıq!”.