“Facebook”un kulinariya qruplarının birində növbəti müsabiqə təşkil olunub. “Dünyanın dadı” adlanan müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman Hüseynov bütün iştirakçıların işlərini qiymətləndirib, qalibləri seçir.
Artıq bir həftəyə yaxındır “Азербайджанская Кухня и не только” adlı “facebook” qrupunda “Dünyanın dadı” adlı müsabiqəyə start verilib. Layihə çərçivəsində qrup iştirakçılarının virtual olaraq 12 ölkəyə səyahət edəcəkləri planlaşdırılıb. Müsabiqənin birinci həftəsində ilk səyahət qardaş ölkə Türkiyəyədir. Qrup üzvləri türk mətbəxinin bir-birindən ləzzətli reseptlərini hazırlayıb paylaşırlar.
Müsabiqənin gedişatını böyük həyəcan və fəxrlə izləyən qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimlinin sözlərinə görə, bu layihənin təşkil olunmasında məqsəd karantin rejimində evdə qalanlara mənəvi dəstək olmaq, yemək bişirməyi sevən insanları az da olsa gündəlik problemlərdən uzaqlaşdırmaq, ən əsası isə dünya mətbəxini qrup iştirakçıları arasında tanıtmaq və daha əlçatan etməkdir.
“Xatırlayırsınızsa, bir neçə ay bundan öncə qrup iştirakçıları arasında çox sevilən “Ulduzu təkrarla” müsabiqəsini təşkil etmişdim. Qrup üzvləri Azərbaycanın məşhur insanlarının hazırladıqları yeməkləri təkrarlayıb birincilik uğrunda mübarizə aparırdılar. Bu dəfə müsabiqənin formatı tam fərqlidir. Müsabiqə tədqiqat və paylaşma xarakteri daşıyır. Qrupda dünyanın hər yerindən üzv var. İstəyirəm ki, dünya bizim necə bacarıqlı və yeniliklərə açıq olan millət kimi tanımağa davam etsin. Hesab edirəm ki, bizim xalqımız hər bir sahədə necə qabiliyyətli olduğunu nümayiş etdirməli və dünyaya göstərməlidir,” - deyə Kübra Kərimli vurğulayıb.
Xatırladaq ki, növbəti həftələrdə qrup üzvlərinin İtaliya, Hindistan, Yaponiya, Pakistan, Meksika və digər ölkələrə virtual səyahətlər edəcəklər.
Müsabiqəyə qoşulmaq üçün “facebook”dakı “Азербайджанская Кухня и не только” qrupuna (https://www.facebook.com/groups/158809490864818/) üzv olmaq lazımdır.
Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.
Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 20 minə yaxın üzvü var.