Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Vətən müharibəsinə həsr olunub.
Bu barədə açıqlama verən proqramın müəllifi və aparıcısı, həmyerlimiz jurnalist Səidə Ömər hər həftə Azərbaycan həqiqətləri ilə yayımlanan proqramın bu buraxılışının onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
O deyib: “Hər həftə Vətənimi Türkiyə vətəndaşları ilə yanaşı qardaş ölkəni ziyarətə gələn turistlərə də tanıtmaq imkanı əldə edirəm. Lakin, bu həftəki proqram mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Qəhrəman Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi qələbə haqqında danışmaq çox qürurverici bir hissdir. Budəfəki proqramımız Azərbaycan Prezidenti İlham Əliyev, şanlı Azərbaycan Ordusu və Azərbaycan xalqının düşmənə qarşı yumruq kimi birləşməsindən, bu birliyin nəticəsi olan möhtəşəm zəfərimizdən danışdıq. Bu böyük qələbənin əldə olunmasında qardaş Türkiyənin dəstəyini xüsusi vurğuladıq. Bu 44 günlük müharibədə hər kəs öz silahı ilə döyüşdü. Mənim də silahım bu proqramdır. Gücüm yetdiyi qədər səsimizi media vasitəsilə dünyaya çatdırmağa çalışdım”.