Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Torpaq-uğrunda ölən varsa, Vətəndir!
Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Bu gün Respublika Gənclər Kitabxanasının qarşısında da gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə, onlarda Vətənə, xalqa, milli –mənəvi dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirmək kimi ali bir vəzifə durur. Son iki ayda ölkəmizdə baş verən hadisələr - Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik siyasəti, xalqımızın nümayiş etdirdiyi birlik və ordumuzun şücaəti sayəsində əldə etdiyimiz şanlı qələbə gənclərimizdə hərbi vətənpərvərlik hissinin təbliği yönümündə çalışan Gənclər Kitabxanasını da yeni bir layihəyə start verməyə sövq edib.
Kitabxanadan bildirilib ki, bu, “Haradan başlanır Vətən?” layihəsidir. Sözügedən layihə gənclərimizdə Vətənə sevgi, torpağa bağlılıq aşılamaq, onları Azərbaycanımızın qədim tarixi, füsunkar təbiəti, şanlı qələbə yolu haqda məlumatlandırmağa yönəlib. Layihə çərçivəsində kitabxananın əməkdaşları Cəbrayıl, Fizuli, Laçın, Şuşa, Ağdam, Kəlbəcər və s. rayonlarımız haqqında videoçarxlar hazırlayıblar. Videoçarxlarda rayonlar, bütövlükdə Azərbaycanın Qarabağ ərazisi haqqında geniş, əhatəli və faydalı məlumatlarla zəngin materiallar təqdim olunub.
Hazırda layihə uğurla davam etdirilir və “Bəyənmə” saylarına görə yerləşdirilən materiallar ön sıralardadırlar.
İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan videomateriallara kitabxananın “Instagram” səhifəsindən baxa bilərlər.