Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Teatrların dekabr repertuarı da maraqlı səhnə əsərləri ilə zəngindir
15.12.2020

Teatrlar onlayn tamaşa nümayişlərini davam etdirirlər.

Teatrların ilin son ayı üçün nəzərdə tutulmuş repertuarı da maraqlı səhnə əsərləri ilə zəngindir.

Belə ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını, Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baletini və görkəmli italyan bəstəkarı R.Leonkovallonun “Payatsı” operasını tamaşaçılar virtual səhnədə izləyə biliblər.

P.Çaykovskinin məşhur “Qu gölü” baleti dekabrın 16-da, C.Puççininin “Toska” operası isə dekabrın 19-da tamaşaçıların görüşünə gələcək. Teatr dekabr ayı üçün nəzərdə tutulan nümayişlərini “Min bir gecə” baleti ilə başa çatdıracaq. Fikrət Əmirov yaradıcılığına aid ölməz balet nümunəsi dekabrın 20-də nümayiş olunacaq. Tamaşalar teatrın rəsmi saytında və “YouTube” kanalında nümayiş olunacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da dekabr ayı üçün onlayn repertuarını tərtib edib. Tamaşalar müvafiq günlərdə saat 19:00-da teatrın “Facebook” səhifəsində, saytında və “YouTube” kanalında nümayiş olunur.

Şənbə-bazar günləri üçün nəzərdə tutulan nümayişlər: 19 dekabr, İ.Əfəndiyev – “Mənim günahım”; 20 dekabr, T.Orbay – “21.15 qatarı”; 26 dekabr, V.Şekspir – “12-ci gecə, yaxud hər nə istəsəniz”; 27 dekabr, Elçin – “Mənim sevimli dəlim”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da dekabr repertuarı rəngarəngdir. Saat 12:00 və 19:00 olmaqla iki seansda nəzərdə tutulan nümayişlər sırasında “Şelkunçik” (E.Hofman), İtaliyansayağı xoşbəxtlik” (D. Fo, P.Filippo), Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən “Göyçək Fatma”, M.Vişnekin “Qoca kloun”, A.Tolstoyun “Buratinonun macəraları”, Ə.Orucoğlunun “Pul dəlisi” (Xalq artisti Gülşən Qurbanovanın 70 illik yubileyi münasibətilə), A.Lindqrenin “Uzuncorab Pippi”, C.Cabbarlının “Aydın”, A. Şaiqin “Tıq-tıq xanım” və N.Qoqolun “Dəlinin qeydləri” (mono-tamaşa) var. Aylıq repertuara V.Şekspirin “Romeo və Cülyetta”sı ilə yekun vurulacaq.

Dövlət Yuğ Teatrı da H.İbsenin “Vəsvəsə”, R.Akutaqavanın “Müəmmalı bir qətlin üç versiyası”, İ.Fəhminin “Mənəm, mən...”, V.Şekspirin “Lənət”, V.Klimin “Medeya Sekvensiya – 01”, T.Vahidin “Quş dili” tamaşalarından ibarət fərqli zövqlərə hesablanmış maraqlı repertuar tərtib edib.

Azərbaycan Dövlət Pantomima Teatrının onlayn repertuarını və tamaşalarını ətraflı izləmək istəyənlər hər həftənin şənbə və bazar günləri teatrın “YouTube” kanalına daxil ola bilərlər. Virtual nümayiş planında M.Füzulinin “Leyli və Məcnun” poeması əsasında “Gəldim ki, olam ğəmin hərifi”, B.Xanızadə və B.Əhmədlinin “Son ştrix” və B.Xanızadənin “Zibillik pərvanələri” tamaşaları var.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da maraqlı repertuarı var. Balaca teatrsevərlər dekabrın 31-dək rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” (rus dilində), M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” mənzum nağılı əsasında mono kukla oyunu, habelə “Tıq-tıq və Taq-taqın nağılı” (A.Şaiq), “Pişiyin evi” (S. Marşak), “Qoğal (rus nağılı), “Cik-cik xanım” (Ə. Səmədli), “Sehrbaz qadın” (Ş.Perro),“Cırtdan” (M.Seyidzadə), “Oyaq gözəl” (V. İlyuxov) və “Qırmızıpapaq” (Ş.Perro) tamaşalarına baxa bilərlər.

Xatırladaq ki, bütün tamaşalar saat 12:00-da teatrın “YouTube” kanalında yayımlanır.

Ilin son ayı üçün Bakı Uşaq və Gənclər Teatrının onlayn tamaşa cədvəli də doludur. Bir müddət öncə reallaşdırdıqları “Evdə qal” aksiyası çərçivəsində danışdıqları nağılları lentə də alan teatrın aktyorlarının təqdimatında yəhudi nağılı əsasında hazırlanan “Leviafan, tülkü, bir də balıqlar” (19 dekabr), “Üç keçi” (26 dekabr) kimi maraqlı nümunələri izləyib-dinləyə biləcəksiniz.

Teatr təmsilçiləri balacalar üçün “Yeni il şənliyi” də tərtib ediblər. Dekabrın 31-də teatrın rəsmi videokanallarına daxil olmaqla bu şənliyə onlayn qoşula bilərsiniz. Bütün nümayişlər saat 13:00-dan başlanır və canlı yayım formatında davam edir.

Oxşar Xəbərlər

    ×