Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Respublika Gənclər Kitabxanası qazilərlə canlı görüş keçirib
16.12.2020

Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ uğrunda gedən döyüşlərin qəhrəmanları, igid oğulları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə Vətən müharibəsinin qaziləri, igid döyüşçüləri ilə silsilə canlı yayımların təşkilinə başlayıb. “Ən igid əsgər, bizim əsgər!” “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan Əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında təşkil olunan növbəti canlı yayım dekabrın 15-də baş tutdu.

Kitabxanadan bildirilib ki, “Sevilənlər sevənlər” rubrikası altında keçirilən növbəti canlı yayımın qonaqları qazilər Orxan Məmmədzadə və Müseyyib Məmmədov olub. Canlının ilk 30 dəqiqəsi Orxan Məmmədzadənin iştirakı ilə keçib. Qazi canlı yayım izləyicilərinə özü haqqında məlumat verib. Sonradan könüllü olaraq döyüş bölgəsinə yollanmağından, əsasən Füzuli rayonu ərazisində olduğu döyüşlərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açıb. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz 5 zabit və 33 əsgər olmaqla 38 ermənini məhv etməsindən, Füzuli ərazisində bir sıra kəndlərin azad olunmasında şəxsən iştirak etməsindən danışıb. Orxan yalnız özü haqqında danışmaqla kifayətlənməyərək onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarından böyük ehtiramla söhbət açıb. Quliyev Həsən, Hüseynov Mətin kimi qəhrəman Azərbaycan oğullarının adını çəkərək döyüşlər zamanı biri-birilərinə necə dəstək olmalarını, yaralı yoldaşlarını, şəhidləri döyüş meydanından çıxarmalarını dilə gətirib.

Canlı yayımın ikinci hissəsinin qonağı qazi Müseyyib Məmmədov olub. Cəmi 19 yaşı olan bu igid əsgər Murovdağ istiqamətində olan döyüşlərdə iştirak edərək qolundan və ayağından yaralanaraq qazi olub. Müseyyib soyuq, şaxtalı hava şəraitində yüksəkliklərin alınması üçün yalnız gecə saatlarının əlverişli olmasından, döyüşlərin necə ağır keçməsindən, hər qarış torpağın böyük şücaət, əzm və qəhrəmanlıq hesabına alındığından danışıb. Qazi, döyüşlər zamanı məhz əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə nifrət onları qabağa getməyə, şücaətlə döyüşməyə ruhlandırdığını söyləyib. Yaralanaraq, əsgər yoldaşlarının köməkliyi ilə döyüş meydanından çıxarılan Müseyyib Gəncədə əməliyyat olunan zaman sinif yoldaşları Musa Həmzəyev, Əlikram Şahbazovun şəhidlik zirvələrinə yüksəlməkləri xəbərini alaraq necə sarsılmasını dilə gətirib. Sonda Müseyyib müharibənin böyük bir həyat, dostluq, birlik, qəhrəmanlıq məktəbi, şəhidliyin isə ən uca zirvə olduğunu söyləyib.

Sonda hər iki qonaq Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Canlı yayımın aparıcısı Günay Həsənova sonda Vətən müharibəsində qazandığımız qələbənin igid oğullarımızın, qazilərimizin, şəhidlərimizin qəhrəmanlığı, böyük səbrin və müdrik siyasətin sayəsində olduğunu vurğulayıb. Canlı yayım “Ən igid əsgər Azərbaycan əsgəridir!” şüarı ilə sona çatıb.

İstifadəçilər qazilər Orxan Məmmədzadə və Müseyyib Məmmədovun iştirakı ilə keçirilən canlı yayıma linki vasitəsilə baxa bilərlər.

Oxşar Xəbərlər

    ×