Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Karlova Universitetinin Botanik bağına Xarı bülbül çiçəyi hədiyyə edilib
17.12.2020

Çexiyanın paytaxtinda yerləşən Karlova Universitetinin Botanika bağında tanınmış azərbaycanlı biokimyaçı alim, Əməkdar elm xadim, Karlova Universitetinin qızıl medalına layiq görülmüş professor Akif Quliyevin anım mərasimi keçirilib. Eldar Vəliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirdə botanik bağının rəhbəri Ladislav Pavlata, Karlov Universitetinin Biologiya fakültəsinin elmi işçiləri və məhrum professorun Çexiyadan olan həmkarları - elmlər doktoru Vladislav Şvatora və Milan Kaftan, botanik bağının kuratoru Tomaş Proxazka və Azərbaycan icmasının nümayəndələri Emma Lazar və Xədicə Əliyeva iştirak ediblər.

Tədbir zamanı Eldar Vəliyev Azərbaycanın Qarabağ bölgəsində bitən və o regionun rəmzi olan Xarı bülbül çiçəyini Karlova Universitetinin botanik bağına hədiyyə edib. Bağın müdiri L.Pavlata qonaqlara minnətdarlığını bildirib və söz verib ki, botanik bağ bu gülün Çexiya torpağında bitməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

Bu gülün botanika bağının kolleksiyasına daxil olmasına sevindiyini söyləyən bağın kuratoru T.Proxazka təklif edib ki, gələcəkdə botanik bağda Azərbaycanın ən gözəl bitkilərinin təmsil olunması üçün Çexiyadan Azərbaycana botaniklərin səfəri təşkil olunsun.

Bundan sonra, Akif Quliyevin Azərbaycan-Çexiya elmi və təhsil əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynadığını söyləyən Eldar Vəliyev professorun bu istiqamətdə gördüyü işlərdən bəhs edib.

Akif Quliyevin yaxın dostu və həmkarı elmlər doktoru V.Şvatora professorla bağlı xatirələrini bölüşüb. O, birgə aparılan tədqiqatlardakı uzun iş birliyindən, professorun dəstəyi ilə baş vermiş çex tədqiqatçılarının Azərbaycana səfərlərdən, Karlova Universitetinin Təbiət elmləri fakültəsi ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsindən söz açıb.

Daha sonra tədbirə internet vasitəsilə qoşulan professorun qızı Nailə Abdullayeva atasının xatirəsinin yad edilməsindən məmnunluğunu ifadə edib. O, bundan sonra da professorun gördüyü işləri davam etdirmək üçün çalışacağını vurğulayıb.

Xatırladaq ki, professor Akif Quliyev 1967-1968-ci illərdə aspirantura təhsilinin bir hissəsini Praqanın Karlov Universitetində alıb. BDU-nun Biokimya və biotexnologiya şöbəsinin müdiri olaraq Akif Quliyev 1972-ci ildə iki universitet arasındakı ilk müvafiq razılaşmaya görə məsul idi. SSRİ-nin dağılması və 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi səbəbi ilə yaranan fasilədən sonra professor A.Quliyev dekan olaraq 2010-cu ildə hər iki fakültə arasında memorandumun imzalanması ilə əməkdaşlığı gücləndirməyi bacarıb. Bu, Azərbaycan və Çexiyanın ən böyük universitetləri arasında hələ də qüvvədə olan bir müqavilənin imzalanmasında mühüm bir addım idi.

Tanınmış biokimyaçı alim 2020-ci il iyulun 19-da vəfat edib.

Oxşar Xəbərlər

    ×