Daşkənddə Özbəkistanın mədəni irsi həftəsi çərçivəsində “Özbəkistan mədəni irsi yeni intibahın əsası kimi” IV Beynəlxalq Konqresi öz işinə başlayıb.
Dekabrın 21-dək davam edəcək konqresə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova videoformatda qatılıb. O, “Pandemiya dövründə Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyəti” mövzusunda çıxış edib.
Şirin Məlikova öncə muzeyin tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verib. Sonra Azərbaycan Milli Xalça Muzeyinin pandemiya dövründə uğurlu onlayn fəaliyyətindən, çox qısa zamanda öz işini karantin dövrünün tələblərinə uyğunlaşdırmasından danışıb. O, bu müddət ərzində keçirilən onlayn sərgi, reallaşdırılan bir çox uğurlu layihələr, muzeyin sosial şəbəkələrdəki səhifələrində paylaşılan maraqlı məlumatlar, onların məzmunu və digər paylaşımlar barədə ətraflı məlumat verib.
Qeyd edək ki, konqresə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Çin, Hindistan və digər ölkələrdən alimlər, mütəxəssislər qatılıb.