Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“Hollywood”un dirçəlməsi
29.12.2020

Gözlənilməz hadisə olsa da bu, sadəcə baş verdi. Çətin dövrlərdən keçəndən sonra 1970-ci ilin ortalarından başlamış 1980-ci illər də daxil olmaqla “Hollywood” özünün əvvəlki parlaqlığını bərpa etdi. Bəzi tənqidçilərin fikrincə bu, əslində iqtisadi yüksəliş idi, çünki keyfiyyət baxımından sözügedən illərdə istehsal olunan filmlər “Hollywood”un qızıl dövrünün filmlərilə müqayisə olunacaq səviyyədə deyildi. Bu fikir nə qədər sərt səslənsə də, həqiqət onu göstərir ki, ABŞ kinosunun dirçəlməsi əsasən iqtisadi yüksəliş idi. Güclü duyma qabiliyyətli və ya bəxti gətirən rejissorlar tamaşaçıların kinosalonlara kütləvi axınına təsir edə bildilər və bəzi lentlər onlara görünməmiş bir qazanc gətirdi. Bu da həqiqətdir ki, hər il nümayiş olunan yüzlərlə ekran əsəri işinə məsuliyyətsiz yanaşanların artmasına gətirib çıxardı. Ancaq bunu məğlubiyyət hesab etmək olmazdı, çünki kinonun möcüzəli və əsrarəngiz keyfiyyətini qaytaran lentləri də etiraf etmək lazımdır.

İlk vaxtlar kino sənayesinin bərpasına bir-birindən fərqli olan iki cəhət təsir etdi: Avropada çəkilən intellektual filmlərə qibtə edən gənc kinoşünaslar dəstəsi və fantastik janrda iri addımlarla irəliləyən xüsusi effektlərin inkişafı. Rejissor Martin Skorseze ABŞ kinosunu yeni mərhələyə qaldıran ilklərdən oldu. Robert De Nironun iştirakı ilə çəkilən və insanı vahiməyə salan “Taxi Driver” filmi Avropada rejissora böyük şöhrət və alqış qazandırdı. Bu filmlə o, sübut etdi ki, “Hollywood”da da keyfiyyətli filmlər çəkilə bilər. Bir neçə ildən sonra baş rolda yenidən De Nironun iştirakıyla çəkdiyi “Toro salvaje” adlı növbəti mükəmməl işi ilə rejissor özünü bir daha təsdiqləyə bildi. Bu xameleon aktyor bir neçə ildə dünyada ən yüksək zirvəyə ucaldı, eyni zamanda Maykl Çiminonun Vyetnam münaqişəsindən bəhs edən “El cazador” filmində baş rolda çəkildi. Amerikalıların yaddaşından silinməyən bu mövzuya həmçinin Hal Aşbinin “El regreso” dramında da toxunulub, onun ən təsirli nümunəsi isə rejissor Frensis F. Koppolanı kino tarixində canlı əfsanəyə çevirən “Apocalypse Now” kinofilmidir. Vudi Allen, Endi Hal və Manhattenin yaratdığı mükəmməl filmlərlə yanaşı Robert Redfordun debüt etdiyi “Gente corriente” filmi və Con Kassavettesin “Gloria”, Devid Linçin “El hombre elefante” filmləri sübut etdi ki, ABŞ kinosu artıq yetkinlik yaşına çatmışdır. Lakin Avropanın “Sənət və esse” janrının ortaya qoyduğu əsərləri kimi olmasa da, “Hollyood” artıq təkzibedilməz bir keyfiyyətdə mürəkkəb və dərin mənalı filmlər ərsəyə gətirə bilirdi. Belə filmlər avropalıları yenidən “Hollyood”a itmiş etibarı geri qaytardı və onları tənqid atəşinə tutmamağa çağırdı. Bəs amerikalı tamaşaçılar? Onlar buna o qədər də reaksiya vermədilər. Gerçəklik ondan ibarət idi ki, ABŞ tamaşaçıları Skorseze və Allenin intellektual filmlərinə o qədər də maraq göstərmirdilər. Əgər onlar biletpulu ödəyirdilərsə, bu, vaxtı exzistensional bobinalarla deyil, sadəcə əyləncəli keçirməkdən ötrü idi.

Yuxarıda adlarını çəkdiyimiz intellektual rejissorlarla birgə tamaşa göstərmək qabiliyyətinə malik kinoşünaslar dalğası da üzə çıxdı. Məhz onlar öz ölkəsindəki kinoya arxadan qılınc zərbəsi vurdular. 1977-ci ildə ekranlara “La guerra de las galaxias” adlı film çıxdı. Onun rejissoru klassik janrların unudulmuş klişelərindən istifadə edərək onları uzaq fantastik qalaktikalara ötürmüşdü. O vaxta qədər heç yerdə görüb-eşidilməyən möcüzəli effektlərin müşayiət ilə yaradılan “La guerra de las galaxias” sosial bir fenomenə çevrilmiş və tarixdə ən çox gəlir gətirən film olmuşdur. Peşəkar işçiləri ətrafına toplayaraq sonradan “İndustrial light and magic” adlı inqilabi şirkətini təsis edən Lukasın vurduğu hədəf ondan ibarət idi ki, o, tamaşaçıya onun heç zaman görmədiyi əyləncə, tamaşa və gərginlikdən xilas olmanı vermişdi. Buna paralel olaraq rejissorun Stiven Spilberq adlı digər həmkarı insanlarla əlaqəyə girən yadplanetlilər haqqında hadisəni nəql etmək üçün “Encuentros en la tercera fase” filmini çəkdi. Bu film də kinoteatrlarda böyük marağa səbəb oldu.

Tezliklə ABŞ kino sənayesinin vunderkindləri tərəfindən kəşf edilən “Kino-tamaşa” üslubuna bənzər filmlər çəkmək istəyən digər rejissorlar meydana çıxdı. Riçard Donnerin 1978-ci ildə çəkdiyi “Superman” adlı iddialı filmində qəhrəman Kristofer Rivin göylə uçması bütün tamaşaçıları heyran etdi. Növbəti il veteran Robert Vayz köhnə teleseriala müraciət edərək “Star Trek, la conquista” adlı monumental kino əsərini yaratdı. Ancaq Lukas və Spilberq yaratdıqları yeni növ kinonun şah damarını əldə saxlayacağına əmin idilər. Lukas növbəti yeni hissələrdə uydurduğu qalaktik fantaziyasının prodüseri kimi çıxış etdi. Nəticə etibarı ilə “El imperio contraataca” və “El retorno del Jedi” kimi yaranan tammetrajlı filmlər özündən əvvəl gələn hissəni keyfiyyət baxımından üstələdi. Stiven Spilberq isə öz tərəfindən həmkarının fantastika janrını inkişaf etdirdiyi kimi, macəra filmlərini də belə etdi. Köhnə serialların elementlərini götürüb Lukasla birgə cəlbedici bir əhvalatı düşünərək “En busca del Arca perdida” filmini çəkib, kino tarixində yeni bir əfsanəvi qəhrəmanı dünyaya təqdim etdi. Harrison Ford əbədi olaraq macəra axtaran İndiana Consun baş qəhrəmanı kimi yaddaşlara həkk olundu. Bu lent və ondan əvvəl gələn “İndiana Jones y el templo maldito” və “Indiana Jones y la última cruzada” hissələri əsl sensasiyaya səbəb oldu. Ancaq bundan razı qalmayan Spilberq yenidən yadplanetlilər mövzusuna qayıtdı və bütün dünyada kassaları dağıdan həm də kütləvi fenomenə çevrilən “E.T.” adlı növbəti şah əsərini yaratdı. Hər iki dost yunan kralı Midas kimi “Hollywood”da əllərini hara vururdularsa oranı qızıla çevirirdilər. Buna görə də bu üstünlüklərindən istifadə edərək “kino-tamaşa” filmlərini prodüser kimi dəstəkləməyə davam etdilər. Lukas “Howard, un nuevo héroe” “Dentro del laberinto”, “Willow” filmlərinin gerçəkləşməsini mümkün etdi. “Spilberq də “Regreso al futuro”, “Los Goonies”, “El chip prodigioso” kimi uğurlu layihələrə dəstəkçi oldu. Bu filmlərə prodüser və rejissorluq etməklə Corc Lukas və Stiven Spilberq kinosalonlara kütləvi tamaşaçı axını yaratmaq istəyində oldular. Bu istək onlarda uğurlu alındı, elə ilk cəhddən kinoya yatırım edənlərin etibarını qaytara bildilər və göstərdilər ki, onlar insana milyonlar qazandıracaq bir biznesin mərkəzindədirlər. Bu, ABŞ kino sənayesini işə salan bir mühərrikə çevrildi.

Səsli kino yaranışının ilk illərində “Hollywood” ildə 500-dən çox tammetrajlı film istehsal edirdi. 1940-cı ildən başlayaraq bu göstərici get-gedə azalmağa başlamışdı. Hər il premyerası olan ekran əsərləri say etibarı ilə hiss olunacaq dərəcədə azalırdı – 400, 300, 200. Bu rəqəm sənayenin əlilə suyun dibinə toxunduğu bir zamanda, yəni 1963-cü ildə 121-ə çatdı. Hay-küysüz növbəti illərdə rəqəmlər bir az yaxşılaşdı. Ancaq 1980-ci ildən başlayaraq illik premyeraların sayı elə davamlı və gözəçarpacaq dərəcədə yüksəlişə doğru getdi ki, onilliyin ortalarından tammetrajlı ekran əsərinin sayı 300-ü aşdı.

İstehsalın artımı bütün janrlara eyni dərəcədə təsir etdi. Macəra filmləri öz şöhrətini “En busca del Arca perdida” ekran əsəri sayəsində bərpa etdi və “Tras el corazón verde” kimi lentləri doğurdu. Digərləri daha çox “La princesa prometida” filmində olduğu kimi, ənənəvi macəranı bərpa etməyə üstünlük verdilər. Hamı əsl tamaşa yaratmaq uğrunda yarışa çıxdı. Burada xüsusilə Ceyms Bond adlı gizli xəfiyyə haqqında çəkilən seriya filmlər parladı. “Vive y deja morir” filmində 007 xəfiyyəsi rolunu öz üzərinə götürən aktyor Rocer Mur həmçinin “La espía que me amó”, “Moonraker” və “Solo para tus ojos” filmlərində çəkildi. Şon Konneri canlandırdığı Bond obrazıyla “Nunca digas nunca jamás” filmində ən yetkin obrazına qayıtdı. Timoti Dalton isə bu yetkinliyi bir az “007: Alta tensión” və “007: Licencia para matar” ekran əsərlərində cavanlaşdırmağa çalışdı.

Güman olunduğu kimi fantastika janrı bumun nə olduğunu “La guerra de las galaxias” filmindən sonra bildi. Ümumilikdə götürsək, “Galactica”, “Los siete magníficos del espacio” və ya “Flash Gordon” kimi ortabab filmlər üzə çıxdı. Ancaq bununla bərabər “Atmósfera cero” və əsasən də Ridli Skotun şah əsəri sayılan “Blade Runner” kimi lentlərin də ərsəyə gəldiyini etiraf etmək lazımdır.

Mahnı janrı qeyri-adi formada dirçəldi. Con Travoltanin oynadığı iki film bütöv janrı tamamilə yenilədi: “Fiebre del sábado noche” və ya satıcının diskotekadakı şöhrəti və “Grease” ekran əsəri. Yeniliklərlə zəngin olan bu filmdə baş rolu canlandıran Olivia Nyuton-Conu əməllicə məşhurlaşdırdı. Miloş Forman “Hair” filmində Brodveyi ekranlara gətirən zaman Bob Foss “Empieza el espectáculo” lentini gözəl avtobioqrafik boyalarla rənglədi. Cavanlar üçün çəkilən mahnı janrından “Fama”, “Flashdance”, “Footloose” və “Dirty Dancing” filmlərinin adlarını çəkə bilərik.

Gəlir gətirən janrlardan biri də komediya janrı oldu. “Porky’s”, “Loca academia de policía”, “El pelotón chiflado” kimi dəlisov və vulqar filmlərin qarşısında “Arthur, el soltero de oro”, “Victor o Victoria” və “Tootsie” daha çox ənənəvi və eleqant üslubda çəkilmişdi. Bu dövrdə komediyanın alt janrının əsas əlaməti o idi ki, əvvəl uğur qazanmış filmləri parodiya edirdilər. Mel Bruks peşəkar parodiyaçı kimi yadda qaldı. Onun parodiya etdiyi filmlər sırasında “El jovencito Frankenstein” dəhşətli filmi, “Sillas de montar calientes” vesterni, Alfred Hiçkokun “Máxima ansiedad” kino əsəri, “La loca historia del mundo” tarixi filmi və hətta “La loca historia de las galaxias” qalaktik lenti vardır. Digər əyləncəli parodiyalar sırasında “Aterraza como puedas”, “Cliente muerto no paga”, “Top Secret” və “Agárralo como puedas” lentləridir. Romantik komediya janrından isə “El cielo puede esperar”, “La mujer de rojo”, “Un, dos, tres... Splash!”, “Hechizo de luna”, “Armas de mujer” və “Cuando Harry encontró a Sally” ekran əsərlərini nümunə gətirə bilərik. Komediya filmlərinin kommersiya baxımından ən böyük uğuru yumor və xüsusi effektlərin qarışığı olan “Los cazafantasmas” filmi, qəhrəmanı Eddi Mörfini ulduza çevirən “Superdetective en Hollywood” lenti və avstraliyalı aktyor Pol Hoqanın baş rola çəkildiyi “Cocodrilo Dundee” kino əsəri oldu.

Aktrisa Meril Strip ABŞ-ın yeni melodram janrının əvəzolunmaz lideri oldu. Onun “Kramer contra Kramer”, “La decisión de Sophie”, “La mujer del teniente francés” və “Memorias de África” filmlərindəki inandırıcı ifası tamaşaçıların göz yaşlarının axmasına səbəb oldu. Ən çox baxılan digər filmlər sırasında “Campeón”, “Oficial y caballero”, “La fuerza del cariño” və “Magnolias de acero” melodramları yer alır.

Müharibə və detektiv janrı Frensis F.Koppolanın “Apocalypse Now” və çoxhissəli “El padrino” filmlərilə onlara verdiyi töhfəsindən bəhrələndilər. Vyetnam münaqişəsi bu dövrün rejissorları üçün sevimli bir mövzuya çevrildi və tamaşaçını oturacağa “mıxlayan” “Platoon”, “La chaqueta metálica” və “Corazones de hierro” filmlərinin səhnələrində əks olundu. Müharibə haqqında çəkilən digər filmlərdən “Uno rojo: división de choque”, “La bestia de la guerra” və “El sargento de hierro” heç də sönük filmlər olmadı.

Detektiv janra gəldikdə, bəzi lentlər köhnə “qara film”lərin əvvəlki ruhunu qaytarmağa cəhd göstərdilər. Bob Rafelson “El cartero siempre llama dos veces” filminin yeni versiyasını çəkdi. Cessika Lenq və Cək Nikolson arasında açıq səhnələri əks etdirən bu film mətbuatda geniş işıqlandırıldı. Rejissor Lourens Kezdan “Fuego en el cuerpo” filmində Katlin Törneri heç kimin təkrar edə bilmədiyi mənfi bir obrazda təqdim etdi. Koppola “Cotton Club” filmilə yenidən klassik qanqsterlər dünyasına qayıtdı. Təxminən eyni şeyi Brayan De Palma “Los intocables de Eliot Ness” ekran əsərilə təkrar etməyə çalışdı, baxmayaraq ki, bundan əvvəl müasir cinayət şəbəkəsindən ilhamlanıb “El precio del poder” adlı qəddar bir film çəkmişdi. “Distrito Apache”, “Manhattan Sur”, “Único testigo”, “Vivir y morir en Los Ángeles”, “La sombra del testigo” isə müasir dedektiv janrın digər unudulmaz filmləridir.

Prodüserlər “Forajidos de leyenda”, “Silverado”, və “Bailando con los lobos” kimi ekran əsərlərilə vesterni dirçəldə bilməsələr də, gənc nəslin maraq dairəsinə yönəlmiş filmlərdə sanki yeni qızıl mədəni aşkar etdilər. 1980-ci illərin əsas istehlakçıları sayılan gənclər üçün nəzərdə tutulmuş bu lentlər “tələbə komediyaları” kimi yadda qaldı və gəlirli bir sahəyə çevrildi. Söhbət “El lago azul”, “Rebeldes”, “Karate Kid”, “Top Gun”, “Risky Business”, “El club de los cinco” və “Todo en un día” kimi çox baxılan filmlərdən gedir. Məhz onların sayəsində Tom Kruz, Ralf Makio, Mətt Dillon, Molli Rinquold, Emilio Esteves və Metyu Broderik kimi gənc ulduzlar parlaya bildi.

Oxşar Xəbərlər

    ×