Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib
26.01.2021

Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, iclası açan komitə sədri Qənirə Paşayeva deputatlara qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 30 ildən sonra torpaqlarımızı düşmən tapdağından azad etməsinin xalqımızın tarixi zəfəri olduğunu vurğulayıb, bu münasibətilə həmkarlarını bir daha təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Sonra Qənirə Paşayeva 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd edilib ki, hesabat dövründə komitənin 2 iclası keçirilib, 3 məsələ müzakirə edilib ki, onlardan ən vacibi “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna edilən dəyişikliklərdir. Komitə sədri hesabat dövründə komitədə görülən işlərlə bağlı geniş məlumat verib, deputatların ölkə gündəmində baş verən hadisələrə, işğaldan azad olunmuş ərazilərimizdə mədəniyyət abidələrimizin, maddi-mənəvi irsimizin məhv edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqelərini yüksək dəyərləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı dəfələrlə belə faktlarla bağlı deputatlar tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciətlər ünvanlanıb.

Qənirə Paşayeva payız sessiyası dövründə komitənin ünvanına daxil olmuş 1389 məktub, təklif, ərizə və şikayətin 1145-nin araşdırılmaq üçün müvafiq təşkilatlara göndərildiyini, yaradıcı təşkilatlardan və insanlardan alınan 200-ə qədər məktubun komitədə araşdırıldığını, onlardan bir çoxunun artıq öz müsbət həllini tapdığını diqqətə çatdırıb.

Hesabat məqbul hesab edildikdən sonra onlayn iclasda Mədəniyyət komitəsinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək. Qənirə Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, Prezident İlham Əliyevin işğaldan azad edilən Şuşa şəhərini Azərbaycan Mədəniyyət Paytaxtı elan etməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Festivalının və payız aylarında Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami İli” elan olunması ilə bağlı mühüm layihələr hazırlanır. Komitə sədri bu layihələrin icrası ilə bağlı Mədəniyyət komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb.

Sonra komitənin iş planı təsdiqlənib.

Onlayn toplantıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Bu sənədin qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox əhəmiyyətli olacağı vurğulanıb.

Sonra komitə üzvləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Qənirə Paşayeva bildirib ki, təklif edilən dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi nəzərdə tutulub.

Komitə üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə Ağayeva, Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Mixail Zabelin müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, kino və teatr sənətinin, rəssamlığın inkişafı, yaradıcı insanlara diqqətin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.

Hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Oxşar Xəbərlər

    ×