Fevralın 1-də Heydər Əliyev Sarayında 2 fevral – Gənclər Günü münasibətilə gənc əməkdaşlar ilə görüş keçirilib.
Saraydan bildirilib ki, görüşdə çıxış edən Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov bu günün əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib. Ümummilli Liderin təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1997-ci ildə Ulu Öndərin sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının parlaq təzahürü idi.
Ramil Qasımov qeyd edib ki, ölkəmizdə gənclər siyasəti bu gün ən yüksək səviyyədə davam etdirilir. Gəncləri diqqət mərkəzində saxlayaraq onlarla daim dialoq qurmaq, qayğı göstərmək dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Heydər Əliyev Sarayının rəhbərliyi də gənclərin kollektivə cəlb olunması, mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməsinə böyük önəm verir.
Sarayın direktoru, həmçinin yaxın zamanda kollektivə yeni gənclərin cəlb olunacağını vurğulayıb. Qeyd olunub ki, kollektivin sıralarında gənclərin sayının artması sarayın gələcəyi ilə bağlı böyük perspektivlər üçün mühüm əhəmiyyət kəsb edir. Sarayda gənclərin inkişafı, yüksək bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından hər bir şərait yaradılıb.
Sonda Heydər Əliyev Sarayının rəhbərliyi tərəfindən kollektivin fəal üzvü kimi özünü təsdiqləyən bir qrup gənc əməkdaş və kollektivin 44 günlük Vətən müharibəsi iştirakçısı Azay Azayev mükafatlandırılıb.