Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Şücaəti ilə tarix yazan qəhrəman şəhidimiz Nemət Orucov
02.02.2021

İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən qəhrəmanları tanıtmaq məqsədilə həyata keçirilən “Tarix yazan igidlərimiz” layihəsi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən davam etdirilir.

İdarədən bildirilib ki, kitabxananın İnformasiya-resurs şöbəsi tarixi qələbəyə öz adını qəhrəmanlığı ilə yazdıran şəhid Nemət Orucov haqqında videoçarx hazırlayıb.

Videoçarxda şəhidin həyatı və hərbi fəaliyyəti ilə bağlı məlumatlar, fotolar nümayiş edilir. Bildirilir ki, 1994-cü il noyabrın 15-də Goranboy rayonunun Qaraçılar kəndində anadan olan Nemət Orucov 2011-ci ildə orta təhsilini başa vurub və bir sonra Azərbaycan Texnologiya Universitetinin Ekologiya mühəndisliyi ixtisası üzrə ali məktəbə qəbul olub. 2016-ci ildə ali məktəbi bitirmiş və elə həmin ilin iyun ayında hərbi xidmətə yollanmışdı. 2017-ci ildə xidmətini kəşfiyyatçı kimi başa vuran Nemət, 2018-ci ildən müddətdən artıq hərbi xidmətə yollanaraq xidmətini leytenant kimi davam etdirmişdi.

Qeyd edilir ki, Nemətin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündür. Onun hərbiçi olmaq istəməsinin əsas səbəbi də ata-baba yurdunun düşmən tapdağında olması idi. O, Qarabağ torpaqlarını azad edərək erməni təcavüzkarlarından qisas almaq istəyirdi. Nemət ötən ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, ordumuzun əks hücumu zamanı şücaət göstərərək düşmənin iki postunu darmadağın etmiş və özü də şəhidlik zirvəsinə yüksəlmişdi. Məzarı Goranboy rayonunda yerləşən Zeyvə kənd qəbiristanlığındadır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Nemət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Oxşar Xəbərlər

    ×