Ötən ilin payızında müzəffər Azərbaycan Ordusu erməni hərbi birləşmələri ilə 44 gün qəhrəmancasına mübarizə apararaq tarixi torpaqlarımızı işğaldan azad edərək geri qaytardı. Ölkəmizin ərazi bütövlüyü uğrunda haqq savaşında yaralılarımız, şəhidlərimiz və itkin düşənlərimiz oldu. Müqəddəs savaşda 2855 igid şəhadətə qovuşaraq özlərinə əbədiyyət ünvanı qazandılar, Vətən sevdalı minlərlə əsgərimiz müharibə qazisi oldu. Azərbaycan oğulları göstərdikləri rəşadət nümunəsi ilə təkcə indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də qürur duyulası şanlı tarix yazdılar.
İstiqlal Muzeyində “Zəfər qəhrəmanları” adlı onlayn tədbirdə bu barədə danışılıb.
Tədbirdə II Qarabağ müharibəsi qaziləri, müharibə şəhidlərinin ailə üzvləri, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının, Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik təşkilatının, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak ediblər.
İstiqlal Muzeyinin baş fond mühafizi Aidə Axundova, müharibə qaziləri Fərahim Əmirli, Ervin Cavadov, Cavid Nuri, şəhid bacıları Aidə Kərimova və Həlimxanım Heybətova, Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik təşkilatının sədri Ceyran Səttarova, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və başqaları öz çıxışlarında Qarabağ müharibəsi zamanı qalib ordumuzun uğurlu döyüş əməliyyatları, əsgər və zabitlərimizin göstərdikləri misilsiz qəhrəmanlıq nümunələri barədə danışaraq bu yolda şəhid olan qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıblar.
Tədbirdə “Oxu tar” və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri bədii kompozisiya ilə çıxış ediblər.