Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Beynəlxalq Muğam Mərkəzi Rusiyanın musiqi qurumu “Roskonsert”lə əməkdaşlıq müqaviləsi imzalayıb
12.02.2021

Rusiya və Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq çərçivəsində Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Rusiyanın mötəbər Federal Musiqi və Festival Proqramları Müdirliyi “Roskonsert” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Birgə əməkdaşlıqla bağlı xəbər Rusiyanın informasiya agentlikləri, eləcə də “Roskonsert”in sosial hesablarında paylaşılaraq BMM-nin fəaliyyəti və muğam sənəti haqqında məlumatlar verilib.

Mərkəzdən bildirilib ki, 2021-2023-cü illərdə mübadilə şəklində konsertlərin və mədəni tədbirlərin keçirilməsi, humanitar və təhsil layihələrinin təşkilinə dair müqavilə “Roskonsert”in baş direktoru Andrey Malışev və Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov tərəfindən imzalanıb.

Bildirilib ki, Rusiya ilə Azərbaycan arasında uzun illərdən bəri mövcud olan dostluq münasibətləri bütün sahələrdə olduğu kimi mədəni sahədə də inkişaf edib. Hər iki təşkilat arasında imzalanan müqavilə mədəni əlaqələrin inkişaf etdirilməsinə, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə, ortaq informasiya və qarşılıqlı mədəni layihələrə mühüm töhfə verir.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra xarici ölkələrin qurumları və mədəni təşkilatları ilə beynəlxalq əlaqələrini fəal şəkildə genişləndirir. BMM artıq bir sıra ölkələrin institut və təşkilatları ilə əlaqələr yaratmağa nail olub. Hazırda dünyanın aparıcı və nüfuzlu musiqi təşkilatları sırasında BMM-nin də öz mövqeyi var. Bu təşkilatlar BMM-nin fəaliyyətini tanıyır və dəstəkləyirlər. Cari ilin yanvar ayında isə Beynəlxalq Muğam Mərkəzi və Frederik Şopen adına Polşa-Baltik filarmoniyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. BMM konsert fəaliyyəti, beynəlxalq əlaqələr və onlayn videokonfranslarla bağlı layihələri davam etdirir.

Oxşar Xəbərlər

    ×