Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Akademik Musiqili Teatrı “Xocalıya ədalət!” kampaniyasında
25.02.2021

Mədəniyyət Nazirliyinin Xocalı soyqırımının 29-cu ildönümünə həsr etdiyi tədbirlər planına əsasən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissorları faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan qısametrajlı filmlərlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulublar.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Samir Qulamovun "Əsirlikdən qayıdan lampa", Cavid İmamverdiyevin "Xocalıya ədalət", Anar Babalının "Məktub yetişdi", Ərtoğrul Kamalovun "Xocalı" qısametrajlı filmlərinin ümumi məzmunu mənfur düşmənlərin Xocalıda törətdikləri vəhşilikləri bir daha geniş kütləyə çatdırmaq olsa da, onlar bu dəfə mövzuya qalib xalqın nümayəndələri kimi yanaşıblar.

“Əsirlikdən qayıdan lampa” filmində qalib əsgərin illər sonra işğaldan azad olunmuş Xocalı torpağında öz doğma evinə qovuşması səhnəsi göstərilir. Vaxtilə yaşadığı evlərindən tapdığı lampa onun itirilmiş illərini bir-bir göz qırpımında geri qaytarır, xatirələrini oyadır...

“Xocalıya ədalət!” qısametrajlı filmində faciə qurbanlarının əziz xatirəsi “Ana harayı” abidəsi önündə anılır. Anma mərasimində iştirak edən bütün insanların qəlbindən sanki bu sözlər, bu nidalar keçir: “Ruhunuz şad olsun, əzizlərimiz! Qanınız yerdə qalmadı, qisasınız alındı!”

“Məktub yetişdi” qısametrajlı filmində bir məktəblinin ordumuzun əsgərinə ünvanladığı məktubdan bəhs edilir. Qələbə ruhlu müzəffər əsgər cavab məktubunda uşağın arzu və istəklərini yerinə yetirdiyini bildirərək onun körpə qəlbini sevindirir...

Qeyd edək ki, filmdə əsgər rolunu 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş Əliqulu Hüseynov canlandırıb. Vətən eşqi ilə keçdiyi döyüş yolları ona Azərbaycan əsgərinin real obrazını canlandırmaqda kömək edir.

“Xocalı” filmində də ötən illərin ağrı-acısı xatırlanır, Ali Baş Komandanın əmri, şanlı ordumuzun dəmir yumruğu ilə 44 günlük şanlı zəfər tariximizi əks etdirən qürurverici kadrlara xüsusi yer verilir.

Teatrın aktyorları – Mehriban Zaliyeva, Ruslan Mürsəlov, Nicat Əli, Güldanə Əzimova, Şaban Cəfərov, Hidayət Əliyev, balet artisti İnarə Kərimova və başqalarının iştirak etdiyi videoroliklərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri dəhşətləri əks etdirən dəqiq statistik məlumatlar da yer alıb.

Akademik Musiqili Teatrının Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırladığı bu filmlər fevralın 24-dən etibarən sosial şəbəkələrdə nümayiş olunur. Layihə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bədii rəhbərliyi ilə hazırlanıb.

Oxşar Xəbərlər

    ×