Əsrimizin informasiya əsri, dünyamızın rəqəmsal dünya olması informasiya mənbəyi olan kitabxanaların da işini bu istiqamətdə qurmasını və yeni metodları öyrənib tətbiq etməsini tələb edir.
Dünyada hökm sürən COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada fəaliyyətini davam etdirən kitabxanalar istifadəçilərin informasiya tələbatını yüksək səviyyədə ödəmək üçün virtual xidmətin müxtəlif forma və metodlarından istifadə edirlər. Kitabxanalarda geniş istifadə olunan yeni kitabxana xidməti formalarından biri də virtual kitab sərgiləridir. Virtual sərgi, xüsusi seçilmiş və sistemləşdirilmiş çap və digər məlumat daşıyıcılarının, əsərlərinin virtual görüntülərinin veb texnologiyaları vasitəsilə uzaq məsafədən kitabxana istifadəçilərinə baxmaq, tanış olmaq və istifadə etmək üçün tövsiyə olunan ümumi elektron mənbələrin internetdə kütləvi nümayişdir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası onlayn kitab təbliğatının ən səmərəli forması olan virtual kitab sərgilərinin düzgün tərtibinə kömək məqsədilə “Kitabxanalarda virtual kitab sərgilərinin təşkili” adlı metodik vəsait hazırlayıb. Vəsaitdə virtual sərgilərin mahiyyəti, ənənəvi sərgilərdən üstün və fərqli cəhətləri, strukturu, elektron kitab sərgisinin modeli, növləri və formaları haqqında geniş məlumat verilib. Virtual kitab sərgilərinin vizual rahatlığını təmin edən şərtlər, virtual sərgilərin tipologiyası və məqsədi, onları tərtib etməyə imkan verən proqram təminatı və s. məsələlər metodiki vəsaitdə geniş formada işıqlandırılib. Sonda vəsaitin hazırlanması üçün istifadə olunan ədəbiyyat siyahısı verilib. Vəsaitdə həmçinin kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Heydər Əliyev - 97”, “Nəriman Nərimanov-150”, “20 Yanvar – Qan yaddaşımız”, “Çingiz Mustafayev- 60”, “Əfsanəvi qəhrəman Mübariz İbrahimov”, “Ələsgər Ələkbərov-110” və s. virtual sərgilərin nümunələri də təqdim olunur.
İzləyicilər “Kitabxanalarda virtual sərgilərin təşkili” adlı metodiki vəsaitə http://ryl.az/files/vsm.pdf linkı vasitəsilə baxa bilərlər.