Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov ilə görüşüb.
Milli Arxiv İdarəsindən bildirilib ki, səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı İdarənin rəisi Əsgər Rəsulov Macarıstanın hər zaman Azərbaycanın haqq işinə dəstək verdiyini qeyd edərək 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan arxivçiləri adından səfir Viktor Sederkenyiyə minnətdarlıq edib.
Səfir Viktor Sederkenyi işğaldan azad olunmuş torpaqlarda tezliklə sülh və dinc yaşayışın təmin olunacağına, vaxtilə həmin ərazilərdən qovulmuş insanların öz ata-baba torpaqlarına qayıdacaqlarına və orada firavan yaşayacaqlarına əminliyini bildirib.
Sonra Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxivi İdarələri arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Qonağa Milli Arxiv İdarəsinin fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, idarə bir sıra beynəlxalq və regional qurumlar çərçivəsində xarici ölkə arxivləri ilə əlaqənin qurulmasında maraqlıdır. Bu istiqamətdə Macarıstan arxivləri ilə qarşılıqlı əlaqələrin qurulması önəmlidir. Qonağa, həmçinin dövlət arxivlərində mühafizə edilən sənədlər barədə qısa məlumat verilib.
Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin müvafiq strukturlarının gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin arxiv işi üzrə konkret sahələrdə əməkdaşlığın perspektivləri, beynəlxalq tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Sonra səfir Viktor Sederkenyi və səfirliyin ikinci katibi, Mədəniyyət və təhsil məsələləri üzrə diplomat Mihay Qruber Dövlət Ədəbiyyat və İncəsənət Arxivində və Dövlət Kino-Foto Sənədləri Arxivində sənədlərin saxlanılması şəraiti ilə yaxından tanış olublar.