Özbəkistanın "Mədəniyyət və mərifət" televiziya kanalında Azərbaycan-Özbəkistan dostluğuna dair “Qızıl körpü” adlı sənədli filmi nümayiş etdirilib.
Sənədli film Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Özbəkistan Dövlət Film Fondunun dəstəyi ilə paytaxtdakı “First Art Media” şirkəti tərəfindən lentə alınıb.
Ekran əsərində iki qardaş ölkə arasındakı tarixi əlaqələr, dostluq münasibətləri, eyni mədəniyyət, adət və ənənələrə malik olan xalqlarımız arasında mədəni-ədəbi əməkdaşlıq və bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilir.
Filmdə Mədəniyyət Mərkəzinin ötən illərdə reallaşdırdığı layihələr, keçirdiyi çoxsaylı tədbirlər və iki ölkə arasında humanitar sahədə əməkdaşlığın inkişafına verdiyi töhfələr geniş işıqlandırılıb.
Sənədli filmdə AMM-in direktoru Samir Abbasov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Əlişir Nəvai adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, Özbəkistan Dövlət xalq çalğı alətləri ansamblının bədii rəhbəri, professor Firuzə Abduraximova Azərbaycan-Özbəkistan mədəni əlaqələri, qardaş ölkədə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə müxtəlif mədəniyyət və təhsil mərkəzlərində Azərbaycan ocaqlarının açılması, Azərbaycan mədəniyyət və ədəbiyyatı günlərinin keçirilməsi, ölkəmizə dair özbək dilində çoxsaylı nəşrlərin Daşkənddə işıq üzü görməsi, dostluq konsertləri, konfranslar, seminarlar, təqdimat layihələri, yubileylər, özbək jurnalistlərin Azərbaycana mediaturlarının təşkili haqqında söhbət açıblar.
Filmdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyi bildirilir, onun sovet dövründə Özbəkistan SSR rəhbəri Şərəf Rəşidovla, müstəqillikdən sonra isə Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluq münasibətləri haqqında söhbət açılır.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərkəzin Özbəkistanda yaşayan soydaşlarımız, yerli azərbaycanlılar üçün müqəddəs bir ocaq olduğunu qeyd edib.
S.Abbasov 2010-cu ildə mərkəzin binasının açılışında çıxış edən Prezident İlham Əliyevdən sitat gətirib: “Bu mərkəz, əslində, Azərbaycan-Özbəkistan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Azərbaycan-Özbəkistan dostluq muzeyi də fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir”.
Filmin sonunda Özbəkistanın tanınmış şairi Arif Toxtaşın “Bir ailə fərzəndidir” şeri səsləndirilib.