Martın 30-da Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi və onun ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber Azərbaycan Milli Kitabxanasında olub.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan, beynəlxalq kitab və informasiya mübadiləsindən danışıb. Sonra o, qonaqlara Milli Kitabxana barədə məlumat verərək pandemiya şəraitində oxuculara göstərilən onlayn xidmətlər barədə danışıb. Bildirib ki, pandemiya dövründə Milli Kitabxananın virtual oxucularının sayı artaraq 2 milyondan artıq olmuşdur.
Kərim Tahirov Milli Kitabxananın “Beynəlxalq əməkdaşlıq zalı” barədə qonaqlara məlumat verərək həmin zalda 13 ölkəyə dair ədəbiyyat kolleksiyalarından ibarət daimi guşənin təşkil olunduğunu bildirib. Həmin guşədə gələcəkdə macar ədəbiyyatına dair daimi guşənin olmasını arzu etdiyini bildirərək Azərbaycana dair belə bir guşənin Macarıstan Milli Kitabxanasında da təşkil olunmasını vacib hesab edib.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən, gələcək əməkdaşlıqdan danışıb. Macarıstan Milli Kitabxanasında Azərbaycana dair ədəbiyyatın əhatə olunduğu elektron kataloqun yaradılması və eləcə də Azərbaycan Milli Kitabxanasında macar ədəbiyyatının əhatə olunduğu elektron kataloqun yaradılması fikrini irəli sürüb.
Görüşdə Macarıstanın ölkəmizdəki səfirinin ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber danışaraq Milli Kitabxananın fondunda kiril qrafikasında olan macar ədəbiyyatının latın qrafikasına keçirmək istəyini vurğulaıb.
Bu təklifi alqışlayan kitabxananın direktoru Kərim Tahirov həmin ədəbiyyatın siyahısını tərtib edib onlara təqdim edəcəyini bildirərək, Macarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycanla bağlı ədəbiyyatın da siyahısının tərtib olunmasında köməklik göstərməsini səfirdən xahiş edib.
Görüşdə eyni zamanda Azərbaycan və Macarıstan Milli Kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair 2012-ci ildə imzalanmış və gələn il müddəti başa çatan Memorandumun yeni layihəsinə dair təkliflərin hazırlanaraq təqdim olunması barədə də razılığa gəlinib və burada Azərbaycan klassik şairlərinin əlyazmalarının digital nüsxələrinin hazırlanması məsələsinə xüsusi fikir verilməsi qərara alınıb.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub.