Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
BDU-da seminar: Nizami Gəncəvi əsərlərinin əlyazma nüsxələri dünya arxiv və kitabxanalarında
02.04.2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib.

Universitetdən bildirilib ki, elmi seminarda Kitabşünaslıq və nəşriyyat işi kafedrasının magistrantı İlahə Əhmədova “Nizami Gəncəvi əsərlərinin əlyazma nüsxələri dünya arxiv və kitabxanalarında” mövzusunda məruzə edib.

Məruzəçi ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının gənc tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyduğunu və onlar üçün böyük stimul yaratdığını söyləyib. Nizami Gəncəvinin bizə gəlib çatmış 900-ə yaxın əlyazmasının mövcud olduğunu qeyd edən gənc tədqiqatçı bildirib ki, bu say təqribi xarakter daşıyır, çünki farsdilli əlyazmaların kataloqlarına nəzər salsaq, bu zaman onların Nizami əsərlərinin bütün əlyazmalarını əhatə etmədiyini görə bilərik. Bu isə tarixi hadisələrin nəticəsində əlyazmaların bütün dünyaya, eyni zamanda xüsusi kolleksiyalara səpələnməsi faktına əsaslanır.

Tədqiqatçı Fransa Milli Kitabxanası, Kembric Universitet Kitabxanası, Tehran Milli Kitabxanası, Nyu-York Metropoliten Muzeyi, İstanbul Nuri Osmaniyə Kitabxanası və digər arxiv və kitabxanalarda saxlanılan nüsxələrdən nümunələr gətirib, müqayisəli təhlillər aparıb, dünyanın müxtəlif arxiv və kitabxanalarında saxlanılan Nizami əlyazmalarının tərtibat baxımından da mükəmməl olduğunu qeyd edib. Onların içərisində süjetli miniatürlər, naxışlar, başlıqlara vurulmuş bəzəklər, döymə üsulla bəzədilmiş dəri cildlərin rəngarənglikləri ilə seçildiyi diqqətə çatdırılıb, belə nəfis tərtibatlı əlyazmalardan bəzilərinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığı vurğulayıb.

Dekan müavini Zahidə Rzayeva, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, dosent Nailə Mehrəliyeva, fəlsəfə doktorları Sevda Quliyeva, Leyla Abasova, fakültə TEC-in sədri Ülkər Cabarova məruzə ilə bağlı fikirlərini bildirib, gənc tədqiqatçıya suallar ünvanlayıblar.

Oxşar Xəbərlər

    ×