Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Qazaxlı şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
02.04.2021

Qazaxda yaşayan tanınmış qələm sahibi, “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın “Qanları ilə dastan yazanlar” kitabı işıq üzü görüb.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş “Qanları ilə dastan yazanlar” kitabı bir qəhrəmanlıq salnaməsidir. Kitab sentyabrın 27-də başlayıb noyabrın 10-da başa çatmış Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbəyə, bu şanlı Qələbənin əldə olunmasında öz canlarını fəda etmiş qazaxlı şəhidlərə həsr olunub.

Kitabda ulu öndər Heydər Əliyevin, ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. Həmçinin nəşrdə “Qarabağ Azərbaycandır!” başlıqlı geniş materialda Qələbənin tarixi əhəmiyyəti, dövlətimizin və xalqımızın taleyində oynadığı tarixi roldan ətraflı söz açılıb.

“Qanları ilə dastan yazanlar” kitabında torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları barədə ayrı-ayrı oçerklərdə onların ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri öz əksini tapıb. Kitabda demək olar ki, Qarabağ müharibəsində igidlik göstərmiş 50 nəfər qazaxlı şəhidin parlaq obrazı canlandırılıb. Onların uşaqlıq şəkilləri, tərcümeyi-halları, hərbi xidmət və döyüş yollarını əks etdirən fotolar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə aldıqları orden və medalların surətləri böyüməkdə olan gənc nəslə nümunə kimi göstərilib.

“Qanları ilə dastan yazanlar” kitabı müəllifin oxucuları ilə sayca 11-ci görüşüdür. Bundan əvvəl, onun ulu öndər Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün Qazax salnaməsi”, Azərbaycan-Ermənistan münaqişəsindən bəhs edən “İlk şəhid kənd” və “Bu, əsl faciə idi”, Xalq şairi Səməd Vurğun haqqında yazdığı “Deyilən söz yadigardır”, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş “Dəli Kür ömrü” və digər kitabları geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.

Oxşar Xəbərlər

    ×