İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirib. Şanlı ordumuz, igid Azərbaycan oğulları bir saniyə belə tərəddüd etmədən Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik siyasətə arxalanaraq doğma Qarabağın erməni təcavüzkarları tərəfindən azad olunması uğrunda döyüşlərə atıldı və tarixlərə yazılan qələbəyə imza atdı.
Bəli, bu gün Azərbaycan müdrik siyasətin, cəsur, qəhrəman oğulların və bütöv bir xalqın inamı sayəsində zəfər çalmış bir ölkədir! Xalqımız Azərbaycanın bütövlüyü uğrunda canından, sağlamlığından keçmiş bütün igid əsgərləri böyük ehtiram hissi ilə yad edir və daim qəlbində yaşadır.
Respublika Gənclər Kitabxanasının da qarşısında böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə, onlarda Vətənə, xalqa, milli–mənəvi dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirmək, öz qəhrəmanlarını tanımaq və tanıtmaq kimi ali bir vəzifə durur. Məhz bu məqsədlə kitabxana “Vətəni yaşadanlar” aksiyası çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev, Vətən müharibəsi qəhrəmanları Vüqar Ağayev və Azər Yusifli haqqında məlumat bülleteni hazırlayaraq istifadəçilərə təqdim edib.
Gənclərin vətənpərvərlik tərbiyəsinə kömək məqsədilə hazırlanan bu bülleten üç qəhrəman Azərbaycan oğlunun həyatı və keçdikləri şərəfli döyüş yollundan bəhs edir.
Bülletendə qəhrəmanlar haqqında geniş məlumatlarla yanaşı, onlar haqqında söylənilən xatirələr, təltiflər, şəxsi və döyüş dönəmini əks etdirən fotoşəkillər, müxtəlif mətbuat orqanlarına, saytlara olan istinadlar da yer alıb.
Qeyd edək ki, Respublika Gənclər Kitabxanası gələcəkdə də igid qəhrəmanlarımızın təbliği yönümündə fəaliyyətini davam etdirmək və bu səpkili məlumat bülletenləri hazırlamaq fikrindədir.
İstifadəçilər sözügedən məlumat bülleteninə http://ryl.az/files/veteni_yashadanlar.pdf linki vasitəsilə baxa bilərlər.