Avstriyada yaşayan gənc bəstəkar və etno-musiqi mütəxəssisi Aria Torkanbouri dünyanın musiqi paytaxtı Vyanada “ÖST Ensemble” adlı ansambl təsis edib.
Əsas məqsədi Şərq dünyasının, yəni Şərqi Avropadan Uzaq Şərqədək geniş bir coğrafiyanı əhatə edən mədəniyyətlərə aid xalq və klassik musiqi əsərlərini klassik janrda ifa etməkdir. A. Torkanbouri bildirib ki, ansamblın adı “Ost” (Şərq) və “Öst” (almanca Avstriya sözünün ilk hecası) söz və qrafeminin qarışığından yaranıb və ansamblın adının qrafik təsvirində bu sintez öz əksini tapıb. Ansamblın adındakı bu sintez onun repertuarındakı musiqi əsərləri ilə ifa edilən musiqi üslubu arasındakı bağlantıya da bir işarədir.
“ÖST Ensemble” təsis olunduqdan sonra ilk tanıtım ifasını Şərq dünyasının ana musiqisi sayılan aşıq sənətinə aid olan, görkəmli bəstəkar Cahangir Cahangirovun yazdığı "Aşıq Cünun" əsəri ilə gerçəkləşdirib. Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeydə alınan bu ifa müxtəlif ölkələrin nümayəndələrindən ibarət ansamblın “Instagram”, “Facebook” və “YouTube” şəbəkələrindəki rəsmi səhifələri yayımlanıb.
Qeyd edilməlidir ki, Aria Torkanbouri bəstəkarlıq və musiqi nəzəriyyəsi üzrə İran, Azərbaycan, Türkiyə, Almaniya və Avstriyada bakalavr və magistratura üzrə təhsil alıb. O, görkəmli bəstəkar və pedaqoqlar Arif Məlikov, Beat Furrer, Özkan Manav və Hasan Uçarsunun sinfində dərs alıb. Hazırda isə təhsilini dünya musiqi universitetləri arasında öncül yer tutan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində (MDW) etno-musiqişünaslıq üzrə dünyaca tanınmış Ursula Hemetekin sinfində Azərbaycan aşıq musiqisi və ümumşərq musiqi səs sistemi üzrə tədqiqatlarla davam etdirir.
Əsərin videoyazısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://youtube.com/channel/UC1hNE18G5eRoixU3PFEb5pQ
Xatırladaq ki, gənc bəstəkar Azərbaycan torpaqlarının düşmən tapdağından xilas edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində rəşadətlə döyüşən müzəffər Azərbaycan Ordusuna ithafən “Qarabağ marşı” adlı əsər də bəstələyib.