Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“Böyük Qayıdış” müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb
19.04.2021

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqənin bu mərhələsində iştirak edən layihələrdən bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfində seçilərək, sonuncu – Pitçinq mərhələsində iştirak hüququ əldə edib.

Qəbul olunmuş layihələrdən 1-i televiziya kanalı, 6-sı dövlət studiyaları, 19-u isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim olunub.

Müsabiqənin Pitçinq mərhələsi aprelin sonunadək baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “YouTube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. Aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Qeyd edək ki, Pitçinq mərhələsinin həyata keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Oxşar Xəbərlər

    ×