Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bədii əsər oxuma (yerli ədəbiyyat)” mövzusunda bilik yarışı keçirilib.
İnstitutdan verilən məlumata görə, yarışda Aİİ-nin İlahiyyat fakültəsinin I, II və IV kurs tələbələri, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər. Hər qrupdan 5 əsas və 1 ehtiyat iştirakçı olmaqla, ümumilikdə, 8 komanda mübarizə aparıb.
Üç turdan ibarət olan yarışmada 45 sual səsləndirilib. Suallar İsa Hüseynovun “Məhşər”; Süleyman Rəhimovun “Mehman”; Məmməd Səid Ordubadinin “Qılınc və qələm”; Cəfər Cabbarlının “Almaz”; Hüseyn Cavidin “İblis” əsərlərinin mövzularını əhatə edib.
Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ali təhsil müəssisəsində keçirilən müsabiqələr tələbələrin elmə, maarifləndirici yarışmalara marağının artırılması, onların ümumi biliyinin və dünyagörüşünün yüksəldilməsi, öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmaları baxımından xüsusi əhəmiyyətə malikdir.
Bu yarışmanın tələbələrə təcrübə qazanmaq imkanı yaratdığını nəzərə çatdıran C.Məmmədov gənclərə sənətlərinin peşəkarı olmaq üçün daim oxumaq, öyrənmək barədə tövsiyələrini bildirib. Aİİ rəhbəri bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışmalarının xüsusi rol oynadığını vurğulayıb.