Misirin nile1.com, Əlcəzairin dzayerinfo.com və alharir.info portalları azərbaycanlı yazıçı Azad Qaradərəlinin ərəb dilinə tərcümə edilmiş “Ölə bilməyən ana” və “Maral əfsanəsi” hekayələrinə və müəllifin yaradıcılığı haqqında məlumata yer ayırıb.
Hekayələri Azərbaycan dilindən ərəb dilinə dr. Əhməd Sami əl-Aydi tərcümə edib.
Azad Qaradərəli (Vəliyev Azad Vəli oğlu) 1954-cü ildə Azərbaycan Respublikasının Zəngilan rayonunun Qaradərə kəndində doğulub. İlk ciddi qələm təcrübələrinə universitetdə tələbə ikən başlayıb. Gənc yaşlarından hekayələri radioda səslənib, “Ədəbiyyat və incəsənət” qəzetində çap olunub. Sonralar “Azərbaycan”, “Ulduz” jurnallarında, müstəqillik dövründə isə “Yazı” dərgisində və başqa mətbu orqanlarda, habelə sosial şəbəkələrdə hekayələri, romanları və esseləri yayımlanıb.
İlk kitabı “Dumduru su” (hekayələr) 1987-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görüb. Daha sonra “Ulartı”(hekayələr), “Qar ağlığı” (hekayələr) və “Burda yer fırlanmırdı”(roman və hekayələr) nəsr kitabları nəşr olunub. Bunların ardınca “Burda kişi var?”, “Müharibə uşaqları”, “Demokratiya ağıları”, “Qadağan zonası”, “Sevgilim Vətən”, “Morq çiçəkləri”, “Süt gölü” və başqa kitabları işıq üzü görüb. Hekayələri rus, türk, polyak və ingilis dillərinə çevrilərək Rusiya, Türkiyə, İran, Polşa və ABŞ-da saytlarda, jurnallarda və antologiyalarda yayımlanıb. “Süd gölü” hekayəsi əsasında Çexiyada qısametrajlı bədii film çəkilib.