Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsinə start verilib
25.05.2021

Avrasiya İqtisadi Əlaqələr Birliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi, Həsən bəy Zərdabi İrs Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 24-dən “Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsi start götürüb.

Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin məzarı üzərinə də gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk şəhidliyi abidəsi də ziyarət olunaraq, önünə tər çiçəklər düzülüb.

Layihənin əsas məqsədi Azərbaycan-Türkiyə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin güclənməsinə, səmərəli iş birliklərinin yaradılmasına töhfə verməkdir. Layihə, həmçinin iki ölkə arasında vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ictimai, siyasi xadimlər, ziyalılar, eyni zamanda, kiçik və orta sahibkarlıq fərdlərinin bir-biri ilə geniş əlaqələrinin təşkilinə xidmət edir.

“Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmet Eren və rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda işgüzar görüşlər keçirəcək, deputatlar, ictimai xadimlər, media nümayəndələri və sahibkarlarla görüşəcəklər. Daha sonra Zərdab rayonuna, Ağdam və Gəncə şəhərlərinə də səfər edəcəklər. Səfər zamanı 44 günlük Vətən müharibəsindən zərər görmüş əhali ilə, yerli icra orqanları, deputatlar ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, “Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsinin davamlı və uzunmüddətli həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçiləri – deputat, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, iqtisadçı alim, Həsən bəy Zərdabi irsinin nümayəndəsi Nüsrət Məlikov, gənc ictimai fəal Seymur Bayramov Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmet Eren və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafına xidmət etmək məqsədilə imzalanmış ikitərəfli əməkdaşlıq memorandumu çərçivəsində görüləcək işlər və reallaşdırılacaq layihələr geniş müzakirə olunub. Bu əməkdaşlıq artıq bir ildir ki, davam edir.

Qeyd edək ki, “EkoAvrasya” beynəlxalq təşkilatı da Həsən bəy Zərdabi irsinin Türkiyə ictimaiyyətində təbliği istiqamətində uğurlu fəaliyyətlərini davam etdirir. Uğurlu əməkdaşlığa Zərdab rayonunun Türkiyə Respublikasının şəhərlərindən biri ilə qardaşlaşması, o cümlədən Türkiyədə Zərdabi adını daşıyan parkın salınması kimi layihələr daxildir.

Oxşar Xəbərlər

    ×