Qoşulmama Hərəkatına üzv ölkələr mədəni sərvətlərin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin, eləcə də UNESCO-nun və onun 1970 Konvensiyasının işinin vacibliyini vurğulayaraq, mədəni sərvətlərin ticarəti ilə mübarizə aparmaq üçün beynəlxalq hüquq-mühafizə əməkdaşlığının inkişafının, xüsusilə daha səmərəli şəkildə fəaliyyət göstərmək üçün məlumat və təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırır.
Bu fikirləri Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qurumun mənzil-qərargahında keçirilən 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı toplantısında ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun adından təşkilatın bəyanatını səsləndirərkən ifadə edib.
E.Abdullayev bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələr mədəni irsin qorunub saxlanmasına zidd olan mədəni sərvətlərin qanunsuz dövriyyəsindən narahatlıqlarını ifadə edir. Bu kontekstdən çıxış edərək, Qoşulmama Hərəkatına üzv dövlətlər müvafiq beynəlxalq müqavilələr, xüsusilə də 1970-ci il Konvensiyası və oğurlanmış və ya qanunsuz ixrac edilmiş mədəni sərvətlərə dair 1995-ci il UNIDRUA Konvensiyasının səmərəli şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayır.
Daimi nümayəndə problemin ciddiliyi ilə bağlı ictimaiyyəti maarifləndirmək, mədəni sərvətlərin qanunsuz dövriyyəsi ilə mübarizədə bütün maraqlı tərəflərin bir araya gətirilməsi və üzv dövlətlərin bu qlobal problemin həlli üçün davamlı tədbirlər görməsi baxımından UNESCO-nun rolunu xüsusi qeyd edib.
Diqqətə çatdırılıb ki, 1970-ci il Konvensiyasının preambulasında göstərildiyi kimi, mədəni irsin qorunmasının yalnız milli və beynəlxalq səviyyədə sıx əməkdaşlıq şəraitində işləyən dövlətlər arasında təşkil edildiyi təqdirdə səmərəli ola biləcəyini nəzərə alaraq, Qoşulmama Hərəkatına üzv dövlətlər UNESCO-nun bütün üzvlərini mədəni mülkiyyətin qaytarılması ilə əlaqəli bütün məsələlərdə vicdanlı dialoqa dəvət edir. Bu mövzuda Qoşulmama Hərəkatı mədəni mülkiyyətin mənşə ölkələrinə qaytarılmasını və ya qanunsuz mənimsənilməsi halında geri qaytarılmasını təşviq edən Hökumətlərarası Komitənin (ICPRCP) oynaya biləcəyi potensial rolu xüsusi qeyd edir.
“Yuxarıda qeyd olunanları nəzərə alaraq, Qoşulmama Hərəkatı UNESCO-nu müvafiq standart mexanizmlərin tətbiqinin təmin edilməsində və qlobal dialoq üçün platformaların yaradılmasında səylərini artırmağa çağırır”, - deyə səfir E. Abdullayev qeyd edib.
UNESCO-da 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı iclasının sədri vurğulayıb ki, Azərbaycanın daimi nümayəndəsinin mesajı aydındır və bu bəyanat iclasın hesabatına daxil ediləcək.